AZ

Aİ-Ermənistan sənədi bu ölkənin üzərinə götürdüyü öhdəlikləri unutmağa meylli olduğunu göstərir ŞƏRH

Bakı, 15 dekabr, AZƏRTAC

Avropa İttifaqı ilə Ermənistanın ikitərəfli münasibətlərində strateji anlaşma sənədində təşkilatın mandatından kənar, keçmiş münaqişə ilə bağlı narrativlərə qayıdılıb. Həmin sənəddə Ermənistan-Azərbaycan ikitərəfli məsələlərinə dair istinadların olması ölkəmizin haqlı narazılığına səbəb verir. Sənədin bu şəkildə razılaşdırılması həm də Ermənistanın sülh niyyətinə şübhə salır, hər fürsətdə Azərbaycana qarşı addım ata biləcəyini göstərir. Sənəddə Azərbaycan-Ermənistan normallaşma prosesində dönüş nöqtəsi olan Vaşinqton razılaşmalarına istinad edilməməsi Avropa İttifaqının Vaşinqton görüşünün nəticələri ilə bağlı verdiyi açıqlamalarda səmimi olmadığını, Ermənistanın isə üzərinə götürdüyü öhdəlikləri unutmağa meylli olduğunu göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O bildirib ki, sənəddə “Qarabağ erməniləri” ifadəsi işlənərək könüllü getmiş bu insanların qaçqın adlandırılması bu statusun təhrif olunmuş formasıdır. Könüllü olaraq Azərbaycanın suverenliyi, qanunvericiliyi altında yaşamağa razı olmayaraq, inteqrasiyadan imtina etmiş insanlar Ermənistana köç etmək qərarına gəliblər. Azərbaycan Hökuməti tərəfindən hazırlanmış inteqrasiya proqramı BMT-in Qaçqınlar üzrə Proqramına da məlumdur. Onların ərazidəki monitorinqi heç bir zorakılıq olmamasını və könüllü köçü təsdiqləmişdi. Azərbaycanın hərbi əməliyyatlarından sonra qaçqın düşmüş insanlar ifadəsi faktları təhrif etməkdir.

Deputat söyləyib ki, sənəddə Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) fəaliyyətinin davam etdirilməsinin vacibliyinin vurğulanması “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in 7-ci maddəsi ilə ziddiyyət təşkil edir. Belə ki, bu maddədə tərəflərin qarşılıqlı olaraq sərhəd boyunca hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəkləri qeyd edilir. Sülh müqaviləsinin digər mühüm bəndlərindən biri də delimitasiya və demarkasiya prosesi başa çatana qədər sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması üçün qarşılıqlı razılaşdırılmış, hərbi sahə də daxil olmaqla, təhlükəsizlik və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Həmçinin tərəflər üzərilərinə götürürlər ki, üçüncü tərəflərlə mövcud beynəlxalq razılaşmalar onların bu Saziş üzrə öhdəliklərinə xələl gətirməyəcək. Növbəti 7 il üçün Avropa İttifaqı ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən həmin ikitərəfli sənəd bu müddəanın əksini göstərir. Avropa İttifaqı-Ermənistan sənədində, həmçinin Beynəlxalq Ədalət Məhkəməsində mövcud iddiaların dərhal, effektiv və tam şəkildə icrası da qeyd olunur. Bu da həmin sülh sazişinin müddəaları ilə ziddiyyət təşkil edir.

“Sənəddə Vaşinqton razılaşmalarına heç bir aidiyyəti olmayan Paşinyan hakimiyyətinin irəli sürdüyü “Sülh Kəsişməsi” təşəbbüsü də TRİPP layihəsindən kənardakı əraziləri əhatə edir. Bu, faktiki olaraq Azərbaycanın təqdim etdiyi real layihələrə alternativ olaraq, prosesi uzatmaq məqsədilə ortaya atılıb. Azərbaycanın haqlı gözləntisi odur ki, sözügedən sənədə dəyişikliklər olunmalı, ölkəmizin mövqeyi nəzərə alınmalıdır”, - deyə P.Vəliyeva əlavə edib.

Seçilən
18
1
azertag.az

2Mənbələr