PAŞA Holding Madrid şəhərində yerləşən IE Universitetinə işgüzar səfərini uğurla başa çatdırmışdır.
Səfər çərçivəsində PAŞA Holding-in Baş icraçı direktoru Cəlal Qasımov ilə IE Universitetinin Prezidenti Santiago Iñiguez arasında Anlaşma Memorandumu imzalanmışdır.
Sözügedən sənəd iki qurum arasında əməkdaşlığın dərinləşdirilməsini və uzunmüddətli strateji tərəfdaşlığın qurulmasını hədəfləyir.
Anlaşma Memorandumu PAŞA Qrupuna daxil olan şirkətlər üçün qarşılıqlı bilik mübadiləsi, liderlik bacarıqlarının inkişafı və strateji əməkdaşlıq istiqamətində yeni imkanlar yaradır. Memorandum çərçivəsində PAŞA Qrupa daxil olan bütün şirkətləri və fərdi əməkdaşları üçün təhsil proqramları, tədqiqat mərkəzləri, innovasiya laboratoriyaları və digər akademik resurslar daxil olmaqla geniş spektrli tədris təşəbbüslərinə çıxış təmin edilir.
Səfər zamanı Cəlal Qasımov IE Universitetinin yüksək səviyyəli nümayəndələri ilə bir sıra görüşlər və müzakirələr apararaq əməkdaşlıq istiqamətləri və ortaq prioritetlər üzrə fikir mübadiləsində iştirak etmişdir.
Proqram çərçivəsində Cəlal Qasımov, həmçinin IE Biznes Məktəbinin Dekanı Li Nyuman ilə birlikdə IE Universitetinin tələbələri üçün birgə panel müzakirəsində iştirak etmişdir. Müzakirə zamanı istedadların saxlanılması, müasir işçi qüvvəsində məqsəd anlayışının transformasiyası və qlobal karyera imkanları kimi mövzulara toxunulmuşdur. Tələbələr “Future of Work” konsepsiyası ilə bağlı baxışlarını bölüşərək müzakirələrdə fəal iştirak etmişlər.
Səfərin təşkili və tərəfdaşlığın inkişafı PAŞA Holding-ın Qrup üzrə Təlim və İnkişaf (Learning & Development) komandasının IE Universitetindəki həmkarları ilə sıx koordinasiyası əsasında həyata keçirilmişdir.
Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin İspaniya Krallığındakı Azərbaycan Respublikasının Səfirliyində olmuş, Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Ramiz Həsənov, səfirlik əməkdaşları və Madriddə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirmişdir. Görüş zamanı peşəkar təcrübələr, icma təşəbbüsləri və PAŞA Holding-in gələcək hədəfləri ətrafında səmimi və konstruktiv fikir mübadiləsi aparılmışdır.








