Olaylar.az xəbər verir ki, erməni mediası Ermənistan hökumətinin Brüsselin aqressiv anti-Rusiya ritorikasını bölüşmədiyini yazıb.
Rəsmi İrəvan məsələni daha ehtiyatlı və ümumi çərçivədə təqdim edir.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Kallasın Aİ-yə yardım müraciəti ilə bağlı açıqlamalarını şərh edərkən hibrid hücumların mümkünlüyünü etiraf edib, lakin onların mənbəyi kimi Rusiyanın adını çəkməkdən imtina edib. Kallasın israrla axtardığı geosiyasi düşmən əvəzinə erməni nazir milyardlara sahib olan "müəyyən dairələrdən" və təsir almağa çalışan "keçmiş məmurlardan" danışmağı üstün tutub.
Bu fonda maraqlı mənzərə formalaşıb: Kaya Kallasın başçılıq etdiyi avropalı rəsmilər mütəmadi olaraq Ermənistan ərazisində guya dezinformasiya kampaniyalarının aktivləşdirilməsində Moskvanı ittiham edirlər, lakin adətən bu iddialara dair hər hansı sübut təqdim etmirlər. Rəsmi İrəvan isə suverenliyin qorunması məsələsini müzakirə etsə belə, açıq şəkildə "müttəfiq ölkənin" ünvanına ittihamlardan uzaq durur.
Hibrid müharibəni konkret olaraq kimin apardığı - Rusiya, yoxsa Aİ olduğu barədə birbaşa suala cavab verən Papoyan "heç bir ölkənin adını çəkmədiyini" bildirib və yalnız dövlətin istənilən təsir cəhdindən - istər xarici oliqarxlar, istərsə də daxili qüvvələr tərəfindən - müdafiə olunmaq hüququnu vurğulayıb.
Musavat.com