AZ

Ən böyük amnistiya təşəbbüsü: Prezidentdən növbəti humanist addım

Prezident İlham Əliyevin “Konstitusiya və Suverennlik İli” münasibətilə amnistiya təşəbbüsünü irəli sürməsi Azərbaycan tarixinin ən mühüm hadisələrindən hesab oluna bilər. Amnistiya təşəbbüsü bir neçə istiqamətdə xüsusilə əhəmiyyətlidir.

Birincisi, belə bir təşəbbüs məhz “Konstitusiya və Suverenlik” ilində irəli sürülür.


Vətən müharibəsində ərazi bütövlüyümüz, 2023-cü ilin 19-20 sentyabr əməliyyatlarında suverenliyimiz tam bərpa olundu. Bununla Konstitusiyamız respublikanın bütün ərazilərində bərqərar oldu. Bu, müstəqil Azərbaycan tarixinin yeni səhifəsi, yeni dövrüdür. Prezident İlham Əliyev yeni dövrdə humanizm və mərhəmət ənənələrinə sadiqliyini nümayiş etdirərək, amnistiya aktı irəli sürməklə həm xalqın suveren Azərbaycan dövlətinə inamını daha da gücləndirir, həm də “Konstitusiya və Suverenlik” ilini daha əhəmiyyətli tarixə çevirir.

İkincisi, amnistiya təşəbbüsünün əhatə edəcəyi şəxslərin kimliyi diqqətçəkən amillərdəndir.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.

Amnistiya layihəsinin şəhid ailələri və qaziləri, eləcə də müharibə iştirakçıları, onların yaxınları, Ermənistanın müharibə cinayətlərindən zərər görənləri əhatə etməsi dövlətin ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda mübarizə aparan şəxslərə verdiyi daha bir dəyərdir. Layihənin 60 yaşdan yuxarı olanları, yetkinlik yaşına çatmayanları, həmçinin, ictimai təhlükə törətməyən və digər yüngül cinayət törədənləri əhatə etməsi isə onlara dövlət tərəfindən şansın verilməsidir.

Dövlət Azərbaycan uğrunda mübarizə aparanları, onların yaxınlarını və cəmiyyət üçün təhlükə törətməyən məhkumları bağışlayır.

Üçüncüsü, amnistiya layihəsinin əhatə edəcəyi məhkumların sayıdır.

Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Bu, müstəqil Azərbaycan tarixinin ən böyük amnistiya aktı olacaq. Belə bir təşəbbüsün məhz “Konstitusiya və Suverenlik İli”ndə irəli sürülməsi Azərbaycan cəmiyyətinin önündə yeni səhifənin açılması deməkdir. Dövlət humanizm sərgiləməklə amnistiya layihəsinin əhatə edəcəyi 20 min məhkuma bağışlanmaq imkanı yaradır. Belə imkanların yaradılması məhz Prezident İlham Əliyevin siyasətində daim prioritet istiqamətlərdən biri olub.

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə dəfələrlə amnistiya və əfv təşəbbüsü ilə çıxış edib, on minlərlə məkhumun azad edilməsi və cəzasının azaldılması qərarları verib. 2021-ci ildə 17 min 267 şəxsə şamil olunan amnistiya qərarı son nümunələrdən idi. Prezident “Konstitusiya və Suverenlik İli” münsibətləri irəli sürdüyü amnistiya təşəbbüsü ilə humanizm siyasətini davam etdirir və müstəsna səlahiyyəti olan bağışlamaq hüququndan məhz insanlara azadlıq kimi gözəl nemətin bəxş edilməsində istifadə edir.

Asif Nərimanlı

Seçilən
131
publika.az

1Mənbələr