“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində komandasının çıxışını dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, “Komanda.az” saytının keçirdiyi sorğuda ilin ən yaxşı baş məşqçisi seçilən 53 yaşlı mütəxəssis bildirib ki, komanda sona qədər mübarizə aparmaq niyyətindədir:
“Bu yola çıxmışıqsa, sona qədər gedəcəyik. Məğlub olsaq belə, bunu şərəflə etmək istəyirik. Qarşımıza qoyduğumuz əsas məqsəd Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq idi və buna nail olduq. Artıq iki qələbəmiz var ki, bu da bizim üçün önəmlidir”.
Q.Qurbanov son oyunlarda komandanın fiziki və taktiki baxımdan inkişaf etdiyini vurğulayıb:
“Son vaxtlar daha aqressiv futbol nümayiş etdiririk. Komandanın fiziki durumu yaxşı səviyyədədir. Əgər bu gün 60-70 dəqiqə tab gətirə biliriksə, deməli, sabah daha yaxşı ola bilərik. Təəssüf ki, daxili çempionatda bu tempi görmək çətindir. Buna baxmayaraq, çalışırıq ki, heç vaxt aciz görünməyək”.
Təcrübəli çalışdırıcı azarkeşlərin dəstəyinin vacibliyini xüsusi qeyd edib:
“Bizə inansınlar. Tənqidlərə açığıq və bunun inkişafımıza kömək etdiyini düşünürük. Qarşıda daha güclü rəqiblər var, amma layiqli mübarizə aparacağıq. Məğlubiyyət olsa belə, ruhdan düşmürük və daha yaxşısı üçün çalışırıq”.
Xatırladaq ki, Qurban Qurbanov jurnalistlər arasında keçirilən sorğuda 58 səs toplayaraq 15-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib.