AZ

Lavrov: Rusiya Suriyanı satmayıb...

Rusiya XİN rəhbəri baş verənləri bu ölkənin daxili işi adlandırıb...

Poliqon xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın Dövlət Teleradio media korporasiyasına verdiyi müsahibədə Moskvanın Suriyanı heç vaxt xəyanət etmədiyini bəyan edib. Onun sözlərinə görə, bu ölkədə baş verən proseslər Suriyanın daxili işi olub və Rusiya həmin hadisələrdə kənar destruktiv rol oynamayıb.

Lavrov bildirib ki, hazırda Rusiya ilə Suriyada formalaşmış yeni hakimiyyət arasında “sabit və tarazlı münasibətlər” mövcuddur. O vurğulayıb ki, Moskva Dəməşqlə dialoqu davam etdirir və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı qoruyur.

“Qoy göstərsinlər ki, nə vaxt və hansı vəziyyətdə Rusiya kimisə, onların iddia etdiyi kimi, ‘yarıyolda qoyub’”, deyə Lavrov qeyd edib.

O, bu açıqlaması ilə Qərb mediasında vaxtaşırı səsləndirilən, Rusiyanın guya müttəfiqlərindən üz çevirdiyi barədə iddialara cavab verib.

Rusiya XİN rəhbəri hesab edir ki, bu cür ittihamlar siyasi məqsədlər güdür və real faktlara əsaslanmır. Onun sözlərinə görə, Moskva tərəfdaşları ilə münasibətlərdə ardıcıl mövqe sərgiləyib və beynəlxalq hüquqa uyğun davranıb.

Xatırladaq ki, oktyabr ayında Suriya Xarici İşlər Nazirliyi ölkənin Rusiya ilə hərbi bazalar məsələsi və keçmiş prezident Bəşar Əsədin taleyi ilə bağlı danışıqlar apardığını açıqlamışdı. Suriya xarici işlər naziri Əsəd əş-Şibani Al-Ikhbaria telekanalına müsahibəsində Dəməşqin Moskva ilə ikitərəfli əməkdaşlıq haqqında mövcud razılaşmaların yenidən nəzərdən keçirilməsi istiqamətində müzakirələr apardığını bildirmişdi.

Poliqon.info

Seçilən
118
poliqon.info

1Mənbələr