AZ

"Bu il vətəndaş cəmiyyəti regional və qlobal platformalarda fəallığını artırıb" - QHT sədri

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında 2025-ci ildə Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini müsbət qiymətləndirib.

Onun sözlərinə görə, ötən il vətəndaş cəmiyyəti institutlarının regional və qlobal platformalarda iştirakı əhəmiyyətli dərəcədə genişlənib:

"Bakıda Türkdilli Dövlətlərin Təşkilatına üzv ölkələrin QHT Forumunun keçirilməsi bu baxımdan əlamətdar hadisə olmuşdur. Forum çərçivəsində yüzlərlə vətəndaş cəmiyyəti nümayəndəsi bir araya gələrək sosial inkişaf, humanitar əməkdaşlıq və dayanıqlı tərəfdaşlıq məsələlərini müzakirə etmişdir.

Eyni zamanda, Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransının təşkili Azərbaycan vətəndaş cəmiyyətinin beynəlxalq dialoq və əməkdaşlıqda artan rolunu nümayiş etdirmişdir. Bu platforma inkişaf etməkdə olan ölkələrin QHT-ləri arasında təcrübə mübadiləsi və ortaq təşəbbüslərin həyata keçirilməsi üçün mühüm imkanlar yaratmışdır".

QHT sədri həmçinin bildirib ki, vətəndaş cəmiyyəti təşkilatları 2025-ci ildə insan hüquqları, gender bərabərliyi, sosial inklüzivlik, insan alveri ilə mübarizə və ictimai sağlamlıq kimi sahələrdə maarifləndirmə fəaliyyətlərini davam etdirmişdir. Təlimlər, seminarlar, ictimai müzakirələr və kampaniyalar vasitəsilə əhalinin müxtəlif qruplarının məlumatlılıq səviyyəsinin artırılması əsas hədəflərdən biri olmuşdur:

"Bu il Vətəndaş cəmiyyətinin naliyyətlərini müsbət qiymətləndirirəm.2025-ci ildə dövlət-vətəndaş cəmiyyəti münasibətlərində institusional yanaşmaların gücləndirilməsi diqqət mərkəzində olmuşdur. QHT-lərin layihə fəaliyyəti, rəqəmsallaşma təşəbbüsləri və ictimai proseslərdə iştirakı genişlənmişdir. 

2025-ci il ərzində təşkilatımız məişət zorakılığı və insan alverinə qarşı mübarizə sahəsində ardıcıl və məqsədyönlü fəaliyyətlər həyata keçirmişdir. Bu layihələr cəmiyyətdə həssas qrupların müdafiəsinin gücləndirilməsi, hüquqi və sosial məlumatlılığın artırılması, həmçinin zorakılıq və istismarın qarşısının alınmasına yönəlmişdir".

 

 

Pərvanə Fərhadqızı

 

Seçilən
120
qht.az

1Mənbələr