“Tramp yolu” təşəbbüsünün Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətin olacaq, çünki marşrut Rusiya sərhədçilərinin məsuliyyət zonasından keçir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin bildirib.
RIA Novosti-yə açıqlamasında Kaluqin deyib ki, Rusiya tərəfi Ermənistanla təşəbbüsün parametrləri üzrə məsləhətləşmələrə hazırdır, lakin layihənin detalları hələ öyrənilməlidir.
Onun sözlərinə görə, Moskva həm təşəbbüsün məzmununu, həm də Rusiyanın mümkün iştirakını müzakirə etməyə açıqdır. Kaluqin qeyd edib ki, söhbət üçtərəfli işçi qrup çərçivəsində əvvəllər razılaşdırılmış marşrutun bir hissəsindən gedir.
Diplomat əlavə edib ki, “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti — “Rusiya Dəmir Yolları”nın törəmə qurumu — Ermənistanın dəmir yolu şəbəkəsinin idarə olunması üzrə konsessiyaya malikdir və bölgədə Rusiya dəmir yolu ölçüsü istifadə olunur. Marşrutun əsas hissəsi Rusiya sərhədçilərinin məsuliyyət zonasından keçəcək.
Kaluqin həmçinin Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünü xatırladaraq, təşəbbüsün Rusiyanın iştirakı olmadan həyata keçirilməsinin çətin olacağını vurğulayıb.
N.Təbrizli