AZ

Məhkəmə bacısını narahat edən şəxsi öldürmək istəyənlə bağlı qərar verdi

Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə ittiham edilən Q.İsazadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, Q.İsazadə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan zərərçəkmiş D.M.-i (adı, soyadı şərtidir) qəsdən öldürmək məqsədilə ona qarşı ağır cinayət törətməyə cəhd edib.


Məhkəmə tərəfindən müəyyən edilib ki, zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayan təqsirləndirilən şəxsin bacısına müxtəlif bəhanələrlə mobil telefon vasitəsilə zəng edib qadını narahat edib, onunla yaxın münasibətlər qurmaq istəməsini deyib. Bu səbəbdən yeznəsi ona zəng edərək bacısı ilə ailə münasibətlərinə son qoymaq istədiklərini bildirib. Q.İsazadə isə bu vəziyyəti qəbul etməyərək, qisas almaq niyyəti ilə qısqanclıq zəminində D.M.-i qəsdən həyatdan məhrum etmək qərarına gəlib.
 

Cinayətkar niyyətini həyata keçirmək məqsədilə məhkum zərərçəkmiş şəxsin yaşadığı ünvanı dəqiq bilmədiyindən, yeznəsi və taksi sürücüsü kimi fəaliyyət göstərən şəxsin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə 25 oktyabr 2023-cü il tarixdə, saat 21:00 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsi, D.M.-in evinin qarşısına gəlib. Hadisə zamanı Q.İsazadə zərərçəkmiş şəxslə bacısı arasında olan münasibətləri aydınlaşdırmaq bəhanəsi ilə ona yaxınlaşıb. D.M.-in bacısına zəng etdiyini inkar etməsi və məhkumdan hansı səbəbdən yaşadığı ünvana gəldiyini soruşması sonuncunu qəzəbləndirib. Bu zaman məhkum bacısının evindən gizli şəkildə götürərək üzərində saxladığı kəsici-deşici xassəyə malik aləti çıxarıb və zərərçəkmiş şəxsi öldürmək niyyətini tam qətiləşdirib.


İttihama görə, Q.İsazadə qəsdən D.M.-ə bir neçə bıçaq zərbəsi endirib. Nəticədə zərərçəkmiş şəxsə xəsarətlər yetirib.
 

Zərərçəkmiş şəxs xilas olmaq məqsədilə yaşadığı evə doğru qaçdığı zaman məhkum onun arxasınca fərdi yaşayış evinin həyətinə daxil olaraq sol kürək nahiyəsində və bel nahiyəsində əlavə bıçaq zərbələri endirib. Nəticədə ümumilikdə 4 ədəd deşilmiş-kəsilmiş yara xəsarəti yetirilib.


Zərərçəkmiş şəxsin aktiv müqavimət göstərməsi, həmçinin həmin vaxt atasının il mərasimi ilə əlaqədar növbəti gün keçiriləcək məclis üçün həyətdə olan qohumların səs-küyə yaxınlaşmasını görən Q.İsazadə qorxaraq hadisə yerindən uzaqlaşıb və gəldiyi avtomobillə ərazini tərk edib.
 

Zərərçəkmiş şəxs ailə üzvləri tərəfindən dərhal xəstəxanaya çatdırılıb və ona vaxtında ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib.
 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.İsazadə 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.

 

Kamal Məmmədov 

Tarix: 16 Dekabr 2025, 10:34   
Seçilən
140
pravda.az

1Mənbələr