AZ

Sikorski Orbanı Lenin ordeninə layiq görüb, Budapeşt və Moskva reaksiya verib

Polşa, Macarıstan və Rusiya rəsmiləri arasında söz savaşı Ukraynaya maliyyə dəstəyi mövzusu fonunda kəskinləşib...

Poliqon xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Macarıstanın baş naziri Viktor Orbanın Ukrayna üçün nəzərdə tutulan “reparasiya krediti”ni tənqid etməsinə sərt reaksiya verib. Sikorski sosial şəbəkədə yazıb ki, “Viktor Lenin ordeninə layiqdir. Onun bu paylaşımı regionda yeni diplomatik polemikanın başlamasına səbəb olub.

Macarıstanın xarici işlər naziri Peter Siyarto dərhal Orbanı müdafiə edərək Polşa nazirinə cavab verib.

“Biz sizin Rusiya ilə Avropa arasında müharibə istədiyinizi anlayırıq. Biz özümüzü sizin müharibənizə sürükləməyə imkan verməyəcəyik”, deyə Siyarto bildirib.

Bunun ardınca Sikorski qarşılıq olaraq qeyd edib ki, əgər Rusiya işğala başlamasa, müharibə də olmayacaq, lakin belə bir hal baş verərsə, Macarıstanın Moskvanın tərəfində yer alacağı ehtimalı yaranacaq.

Sonradan polemikaya Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da qoşulub. O, tarixə istinad edən emosional açıqlamasında iddia edib ki, Leninsiz nəinki Ukrayna, hətta Polşa da mövcud olmazdı. Zaxarova bildirib ki, “Lenin müstəqil Polşa dövlətinin memarlarından biridir və müasir Polşanı da Vladimir İliç Lenin adına Polşa adlandırmaq olardı”.

Qeyd edək ki, mübahisənin əsas fonunu Ukraynaya maliyyə və hərbi dəstək məsələsi təşkil edir. Rəsmi Varşava Kiyevə yardımın artırılmasını müdafiə etdiyi halda, Budapeşt bu təşəbbüslərə skeptik yanaşır və onları Avropanı münaqişəyə daha da yaxınlaşdıran addımlar kimi qiymətləndirir. Son qarşılıqlı ittihamlar isə Mərkəzi və Şərqi Avropada siyasi gərginliyin artdığını göstərir.

Poliqon.info

Seçilən
88
poliqon.info

1Mənbələr