Dünya Avstraliyanın Yeni Cənubi Uels əyalətində baş verən qırğın xəbəri ilə sarsıldı. Yəhudilərin bu gün (14 dekabr, bazar günü) qeyd etməyə başladığı Hanukka bayramının ilk günündə Sidneydəki Bondi çimərliyində silah səsləri eşidildi.
Hafta.az-ın yazdığına görə, hakimiyyət orqanları bildirib ki, bu, 1996-cı ildən bəri ölkədə baş verən ən ölümcül kütləvi atışma olub.
Neçə nəfər güllələnib?
Polis qeyd edib ki, Bondi dünyanın ən məşhur çimərliklərindən biridir, adətən turistlər və yerli sakinlərlə doludur və təkcə Hanukka tədbirində iştirak edənlərin sayı min nəfərə çatıb.
İlkin məlumatlara görə, hücum edənlər istisna olmaqla, 11 nəfər həyatını itirib, iki polis əməkdaşı da daxil olmaqla 29 nəfər yaralanıb.
Əyalətin baş naziri Kris Minns yerli vaxtla saat 18:47-də baş verən hücumu törədənlərdən birinin öldürüldüyünü bildirib.
Polis nəzarətə alınan digər şübhəlinin ağır yaralandığını deyib.
Yeni Cənubi Uels Polis Komissarı Mal Lanyon deyib: "Üçüncü hücumçunun olduğunu təsdiqləyə bilmərəm, amma hər yerdə axtarış aparacağıq".
Lanyon əlavə edib ki, hücum uzun lüləli silahlarla həyata keçirilib və polis Bondi çimərliyi yaxınlığındakı bir nəqliyyat vasitəsində "ev istehsalı bomba" olduğuna inanılan bir neçə əşya tapıb.
Avstraliyanın baş naziri Entoni Albanese hücumu terror aktı kimi xarakterizə edib və hədəfə alınan yəhudi icmasını dəstəklədiklərini söyləyib.
Hücum edənlər kim idi?
“ABC News” şübhəlilərdən birini şəhərin cənub-qərbindəki Bonniriqqdə yaşayan Navid Əkrəm olduğunu bildirib.
Komissar Lanyon hücumçunun şəxsiyyəti ilə bağlı sosial media paylaşımlarından xəbərdar olduqlarını desə də, əlavə məlumat verməyib. O, sakitliyə çağıraraq deyib ki, indi qisas vaxtı deyil.
Avstraliya Təhlükəsizlik Kəşfiyyat Agentliyinin baş direktoru Mayk Burqess hücum edənlərdən birini izlədiklərini, lakin onun dərhal təhlükə yaratdığına inanmadıqlarını bildirib.
İsrailin reaksiyası
İsrail siyasətçiləri hücumun Qəzza müharibəsinə reaksiya verən Avstraliya hökumətinin "antisemit siyasətindən" qaynaqlandığını iddia ediblər. Onlar xatırladıblar ki, keçmişdə sinaqoqlar, binalar və avtomobillər hədəfə alınıb.
İsrail prezidenti İsaak Herzoq hücumun ilk Hanukka şamını yandırmaq üçün toplaşanları hədəf aldığını vurğulayaraq deyib: "Biz dəfələrlə Avstraliya hökumətinə xəbərdarlıq etmişik ki, ölkədə yayılan cinayətkar antisemitizmi aradan qaldırmaq üçün qətiyyətli tədbirlər görməlidir ki, orada yaşayan yəhudilərə zərər verməsinlər".
İsrail Baş naziri Benyamin Netanyahu bir neçə ay əvvəl Avstraliyanın baş naziri Entoni Albaneseyə yazdığı məktubun qulaqardına vurulduğunu iddia edib: "Mən dedim ki, onların siyasəti antisemitizmi alovlandırır və Avstraliya küçələrində yəhudilərə qarşı geniş yayılmış nifrəti təşviq edir".
Xarici işlər naziri Gideon Saar "Avstraliya hökuməti indi özünə gəlməlidir" deyərək, bu cür hücumların səbəbinin "Qlobal İntifada" kimi şüarlar olduğunu irəli sürüb.
Avstraliya hücumu
Rəsmi rəqəmlərə görə, bu gün 28 milyon əhalisi olan Avstraliyada 117 min yəhudi yaşayır.
İsrail kəşfiyyat mənbələrinə əsaslanan "Israel Hayom" qəzetinin xəbərinə görə, İran, Hizbullah və Həmas son aylar xaricdəki yəhudilərə qarşı hücumlar hazırlayır. Avstraliyada planlaşdırılan hücum barədə kəşfiyyat məlumatı aldığını iddia edən İsrail mənbəyi hücumun arxasında Tehranın olduğunu iddia edib.
Avstraliyanı antisemitizmlə mübarizə üçün kifayət qədər iş görməməkdə günahlandıran İsrail rəsmiləri ilə bağlı suala cavab olaraq Albanese təhlükəsizlik orqanlarının tövsiyələrinə əsasən xüsusi tədbirlər gördüklərini vurğulayıb.
7 oktyabr 2023-cü ildə başlayan Qəzza müharibəsindən sonra antisemit hücumları ilə bağlı xəbərlər üç dəfə artıb.
Günün qəhrəmanı
Sosial mediada yayılan videolardan birində ağ köynək geyinmiş bir kişinin qara geyimli hücumçunu ram etməsi görünür.
Kişinin silahı götürüb hücumçuya tuşladığı görüntülər internetdə yayılıb.
Əyalət hökumətinin başçısı Kris Minns hələ rəsmən açıqlanmayan bu kişini "əsl qəhrəman" adlandırıb.
“Sky News” qəhrəmanın kimliyini açıqlayıb: 43 yaşlı tərəvəz satıcısı və iki uşaq atası Əhməd əl Əhmədi.
Əmisi oğlu Mustafa, əvvəllər odlu silahlarla təcrübəsi olmayan Əhmədin iki dəfə vurulduğunu və əməliyyat gözlədiyini bildirib.
İlk reaksiyalar
Avstraliya Milli İmamlar Şurası adlı müsəlman təşkilatları hücumu pisləyib. Onlar zərərçəkənlərə və onların ailələrinə dəstəyini vurğulayıblar.
Müxalifət lideri Sussan Ley deyib: "Hamımızın tanıdığımız və sevdiyimiz Bondidəki ikonik Avstraliya icmasının mərkəzinə edilən bu nifrət dolu hücumdan sonra avstraliyalılar bu gecə dərin yas saxlayırlar".
Böyük Britaniya, Yeni Zelandiya, Avropa Komissiyası, İspaniya, Norveç, ABŞ və İsveçin rəhbərləri də daxil olmaqla bir çox siyasətçi yəhudi icmasına edilən hücumu pisləyib, Avstraliya xalqı ilə həmrəylik mesajları göndəriblər.
Əvvəlki oxşar hadisələr
Avstraliyada kütləvi qətllər çox yaygın deyil. Bunun qismən 29 il əvvəl baş verən hadisədən sonra silah qanunlarının sərtləşdirilməsi ilə əlaqəli olduğu düşünülür.
28 aprel 1996-cı ildə Martin Bryant Avstraliyanın Tasmaniya əyalətində 35 nəfəri öldürüb, 23 nəfəri yaralayıb. Bu qırğından sonra yarımavtomat və nasosla işləyən ov tüfəngləri qadağan edilib, 700 mindən çox silah dövlətə təhvil verilib.
AP agentliyi bu qırğından sonra ölkənin tarixinə damğa vuran altı hadisəni sadalayıb:
8 sentyabr 2014-cü il: Yeni Cənubi Uelsdə bir fermer intihar etməzdən əvvəl həyat yoldaşını və üç uşağını öldürüb.
16 dekabr 2014-cü il: İranlı qaçqın Man Munis Sidneydəki Lindt Kafesində 18 nəfəri girov götürüb. Sonrakı əməliyyatda Munis və iki girov öldürülüb.
11 may 2018-ci il: Qərbi Avstraliyada bir fermer intihar etməzdən əvvəl altı qohumunu öldürüb.
15 mart 2019-cu il: Avstraliyalı ağdərili alimin tərəfdarı Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məscidə hücum edərək 51 nəfəri öldürüb. Bu, Yeni Zelandiya tarixində ən ölümcül qırğın olub.
4 iyun 2019-cu il: Ölkənin şimalında yerləşən Darvin şəhərində şərti azadlığa buraxılan bir kişi bir qadını yaralayıb və dörd kişini öldürüb.
12 dekabr 2022-ci il: Təhlükəsizlik qüvvələri ilə ekstremist xristian sui-qəsd nəzəriyyəçiləri arasında baş verən toqquşmada iki polis məmuru, üç hücumçu və bir qonşusu öldürülüb.