“Bu gün toylarımız da israfçılıq həddini aşmış vəziyyətdədir. Şadlıq evlərində süfrələrdə artıq qida tullantıları, sonsuz menyu çeşidləri, dekorasiya və şou xərcləri əndazəni aşır”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisisn bugünkü iclasında deputat Razi Nurullayev deyib.
Deputat qeyd edib ki, ət ala bilməyən minlərlə ailə olduğu halda tonlarla kabablar zibilə atılır.
Toyların sevinc məclisi olmaqdan çıxaraq, sanki sosial yarışa çevrildiyini vurğulayan R.Nurullayev musiqinin səsinin problem yaratdığını da qeyd edib:
“Şadlıq evlərinin əksəriyyəti səsi udan akustik materiallarla təchiz olunmayıb. Nəticədə valideynlər, yaşlı insanlar, hətta uşaqlar saatlarla yüksək səsin altında qalır. Musiqi xadimləri də məcbur olub səsi artırır, çünki zal akustikası zəifdir; bu isə qulaq tutulmasına, baş ağrılarına, uzunmüddətli eşitmə problemlərinə səbəb olur. Xalqın ən sevincli günü sağlamlıq riski daşıyan mühitə çevrilir. Toy sahibi musiqini eşitmək əvəzinə, sadəcə səs-küy eşidir”.
R.Nurullayev Türkiyə, Avropa Birliyi ölkələri və Yaponiyada restoranlarda xüsusi akustik standartları nümunə göstərərək, bu təcrübənin ölkəmizdə də tətbiqini zəruri sayıb:
“Musiqinin səs gücü adətən 85–90 dB həddini keçə bilməz. Bu hədd insan qulağı üçün təhlükəsiz hesab edilir. Zalın divarları səsi udan panellərlə, tavan xüsusi akustik örtük ilə təmin olunur. Bizdə isə bir çox şadlıq evində bu tələblər yoxdur, nəticədə musiqinin səsi 100–110 dB həddinə qədər yüksəlir ki, bu da sağlamlıq üçün təhlükəlidir. Təklif edirəm ki, şadlıq evlərinin lisenziyalaşdırılmasında akustik standartlar məcburi olsun, səs gücü üçün yuxarı limit tətbiq edilsin, akustik panellər və səsizolyasiya dövlət standartının bir hissəsinə çevrilsin. Bununla həm sağlamlıq qorunar, həm musiqi daha keyfiyyətli səslənər, həm də toylarımız mədəniyyət və rahatlıq baxımından dünya səviyyəsinə çatmış olar”.
Tahirə Qafarlı