AZ

"2026-cı ildə bələdiyyələrlə əməkdaşlıq genişləndiriləcək" - Novella Cəfəroğlu

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il onun üçün vətəndaş cəmiyyətinin aktivliyi, dövlət qurumları ilə əməkdaşlığın genişlənməsi və milli maraqlara xidmət edən mühüm təşəbbüslərlə yadda qalıb.

Onun sözlərinə görə, bu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin türk dövlətləri ilə fəal əməkdaşlığı, Milli QHT Forumunun aktiv fəaliyyəti və burada mühüm məsələlərin müzakirə olunaraq həlli yollarının axtarılması vətəndaş cəmiyyətinin gücləndiyini göstərir:

"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vətəndaş cəmiyyəti ilə bir yerdə sıx işləməsi, forumlarda Azərbaycanın daha da güclü olmasına yönəlmiş məsələlərin müzakirə edilməsi diqqətəlayiqdir. Bu ildə cənab Prezidentin və Prezident Administrasiyasının şöbələrinin vətəndaş cəmiyyətinə verdiyi qiymət və göstərdiyi köməklik çox sevindiricidir. Bu, həm də hamımızın məsuliyyətini artırır.

Təşkilatımız bu il bələdiyyələrlə iş birliyi və vətəndaş cəmiyyətinin bələdiyyələrə köməkliyinin necə ola biləcəyi istiqamətində fəaliyyət göstərdi. Bu proses çox uğurla keçdi. Onlarla birgə qrant yazılması və ictimaiyyətin bu işlərə cəlb edilməsi həyata keçirildi. Qadın otaqları açıldı, qadınlara kömək məqsədilə kurslar və seminarlar keçirildi. Bələdiyyələr üçün forumlar təşkil etməyi öyrəndik: ağsaqqallar, bizneslə məşğul olan insanlar, qadınlar və gənclər kimi aktiv şəxslər cəlb olunaraq bələdiyyə ilə birgə kənd və rayon problemlərinin imkan daxilində həlli üçün addımlar atıldı. Təşkilatımız bu işləri bir neçə rayonda həyata keçirib və bu təşəbbüs bu günə qədər də uğurla davam edir".

Novella Cəfəroğlu vurğulayıb ki, bundan əlavə, təşkilatımız hər zaman olduğu kimi qadınlara pulsuz hüquqi yardım göstərib, onların ərizələrini vəkil qəbul edir, müvafiq instansiyalarla yazışmalar, telefon danışıqları aparılır, məhkəmə və Ədliyyə Nazirliyi ilə məsələlərin həlli istiqamətində iş görülür:

"Bu il ərzində 500-ə yaxın müraciətə baxılıb, əksəriyyəti müsbət həllini tapıb. Qalan müraciətlər üzrə isə işi yarımçıq qoymuruq, sonadək çalışırıq ki, Ombudsman Aparatı və Qadın Komitəsinin dəstəyi ilə həll edək. Bu, bizim ən prestijli fəaliyyət istiqamətimizdir – hüquqi yardım. Artıq kişilər də müraciət edirlər. Bildiyniz kimi, regionlarda cəmiyyətimizin özəkləri fəaliyyət göstərir və biz onlarla sıx əməkdaşlıq edirik. Gələn ilin əvvəlində konfrans keçirməyi planlaşdırırıq, bütün nümayəndələri Bakıya dəvət edib son beş ildə gördüyümüz işlər barədə danışmaq və göstərmək istəyirik ki, işləmək istəyən işləyir – həmişə pulla yox, bir-birimizə dayaq olaraq. Bu, ən vacib məsələlərdən biridir".

Cəmiyyət sədri həmçinin bildirib ki, 2026-cı ildə də bələdiyyələrlə işi davam etdirmək istəyirik, yarımçıq qoymaq niyyətləri yoxdur, bütün bələdiyyələri bu prosesə cəlb etmək arzusundadırlar:

"Hər rayona gedəndə yalnız rayon bələdiyyələrini deyil, kənd bələdiyyələrini də bir araya gətiririk. Çalışırıq ki, onların arasında aktiv qadınlar və gənclər bir araya gəlib təşkilatlaşsınlar. Bunu artıq bir çox yerlərdə həyata keçirmişik və davam etdirmək niyyətindəyik. Bundan əlavə, qadın zorakılığı ilə bağlı BMT tərəfindən dəstəklənən dördillik böyük bir layihə qazanmışıq və çox istərdik ki, bu layihənin icrasına icazə verilsin. Layihə çərçivəsində jurnalistlərlə, həbsxanada olan qadınlarla işləmək və bir kitab nəşr etdirmək planlaşdırılır. Orada çox acı talelərlə rastlaşırıq – kimisi zorakılıq nəticəsində cinayət törədib, kimisi pis yola düşüb. Bunların əksəriyyəti ailədaxili münasibətlərdən qaynaqlanır. Təəssüf ki, hələlik icazə verilməyib. Bu mövzuda Prezident Administrasiyasının müvafiq şöbələri ilə danışmağı planlaşdırıram, çünki bu, çox uğurlu layihə ola bilər".

Sonda Novella Cəfəroğlu QHT.az kollektivinə təşəkkür edərək qeyd edib ki, vətəndaş cəmiyyətinin fəaliyyətinin işıqlandırılması, QHT-lərin təşəbbüslərinin cəmiyyətə çatdırılması onların işi üçün olduqca önəmlidir və bu dəstək yüksək qiymətləndirilir.

"Təkcə mən yox, hamı bunu deməlidir. Bu il bizim fəaliyyətimizi işıqlandırmağınız, Agentliyin və QHT-lərin işini mütəmadi təbliğ etməyiniz, gözəl yazılarla cəmiyyətə çatdırmağınız hamımız üçün çox vacib və çox dəyərlidir. Siz işimizə layiqincə qiymət verirsiniz, bizi cəmiyyətə tanıdırsınız. Sizin işiniz bizim üçün çox önəmlidir. Öz təşkilatım adından Sizə səmimi təşəkkürümü bildirirəm. Var olun!"

Seçilən
93
9
qht.az

10Mənbələr