AZ

Hansı məktəblər distant təhsilə keçəcək? - AÇIQLAMA

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, növbəti tədris ilindən distant təhsilin tətbiqi gözlənilir.

Bəs hansı məktəblər distant təhsilə keçəcək? Distant təhsili keyfiyyətli təhsil adlandıra bilərikmi? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Süleymanov bildirdi ki, distant təhsil zəruri hallarda, məsələn pandemiya və bənzəri vəziyyətlərdə, müxtəlif təbii fəlakətlər zamanı, eyni zamanda böyükmiqyaslı tədbirlər dövründə tətbiq edilə bilər:

"Burada əsas məqsəd şagird sıxlığının azaldılmasıdır. Yəni gələn il üçün nəzərdə tutulan bu tədbir kütləvi xarakter daşımır. Sadəcə olaraq, lokal şəkildə bəzi məktəblərdə tətbiq olunacağından bəhs edilib. Bu da başa düşüləndir. Yəni bəzi məktəblərdə təhsil verənlərin sayı çox, təhsil alanların sayı isə azdır. Xüsusilə ucqar məktəblərlə bağlı bir neçə yanaşma mövcuddur. Bunlara məktəblərin kompleksləşdirilməsi, təhsil müəssisələrinin bir mərkəzdə birləşdirilməsi daxildir. Amma bəzi ərazilərdə bu imkan olmadığı zaman təhsilin distant formada təşkili gündəmə gəlir. Burada əsas məqsəd keyfiyyətin artırılmasıdır. Çünki siniflərində iki-üç şagird olan məktəblər kompleksləşdirildikdə, məsələn, Qubadakı ucqar kənd məktəbi ilə Qazaxdakı ucqar kənd məktəbi eyni distan təhsil proqramına qoşula bilər. Yəni bu yanaşma dünyada daha çox inklüziv məqsədlərlə tətbiq olunur. Eyni zamanda, azkomplektli məktəblərdə də distant təhsilin tətbiq edilməsi, düşünürəm ki, həmin şagirdlərin təhsil keyfiyyətinin artmasına müsbət təsir göstərə bilər. Çünki məktəbdə müvafiq təhsil mühiti yoxdursa, bu metoddan istifadə oluna bilər. Sinifdə şagird sayı az olan mühitdə sosiallaşma da zəif olur və bu baxımdan distant təhsil alternativ kimi dəyərləndirilə bilər".

Nuriyyə NATİQQIZI

Seçilən
119
redaktor.az

1Mənbələr