AZ

Numan Kurtulmuş: Türkiyənin xarici siyasəti sülhə, sabitliyə və etimada yönəlib

Ankara, 16 dekabr, AZƏRTAC

Ankaranın prinsipial və qətiyyətli xarici siyasəti sülhə, sabitliyə və etimad mühitinə yönəlib. Ölkəmiz bu prosesləri düzgün qəbul etməlidir və vaxtında addımlar atmalıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ankarada keçirilən 16-cı Səfirlər Konfransının iştirakçıları ilə görüşdə bildirib.

TBMM sədri qeyd edib ki, artıq birqütblü dünya dövrü başa çatıb və bəşəriyyət çoxqütblü münasibətlər sisteminə doğru irəliləyir.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin nəticələri beynəlxalq münasibətlərə, o cümlədən ərzaq təhlükəsizliyi kontekstində ciddi təsir göstərir.

“Son illərdə Türkiyə diplomatiyası beynəlxalq arenada çox vacib addımlar atır ki, bu da ölkəmizin hər bir vətəndaşı üçün qürur mənbəyidir. Ankaranın Rusiya ilə Ukrayna arasındakı müharibəyə münasibəti, Cənubi Qafqaz və Yaxın Şərqdə gərginlik dövrləri ilə bağlı Türkiyənin mövqeyi Ankaranın xarici siyasət baxışının ayrılmaz hissələridir”, - deyə N.Kurtulmuş bildirib.

“Terrorsuz Türkiyə” təşəbbüsünün həyata keçirilməsinə toxunan parlament sədri problemi ölkənin gündəliyindən tamamilə silmək əzmini vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin sədri terrorçulardan Türkiyəyə qarşı istifadə edən qüvvələrin məqsədlərinə çatmayacağına əminliyini ifadə edib.

N.Kurtulmuş, həmçinin terrorçuları “imperialistlərin oyuncağı” adlandırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
117
azertag.az

1Mənbələr