AZ

Reklamlarda açıq-saçıq qadın obrazları diqqəti məhsuldan yayındırır

Sosial şəbəkələrdə açıq-saçıq qadın obrazlarında təqdim edilən reklamlar məhsuldan çox qadına  diqqəti cəlb edir.

Sosial media platformaları 21-ci əsrdə marketinq elminə və praktikasına yeni azxərcli, qısa zaman aralığından daha effektiv satış, reklam nəticələri əldə etmək  imkanları yaradır.  Bu dünyada qəbul olunmuş rəqəmsal marketinq fəaliyyətidir. 

Ənənəvi marketinqdən fərqli olaraq, bu yanaşma internet, sosial şəbəkələr, mobil texnologiyalar və digər rəqəmsal kanallar vasitəsilə həyata keçirilir. Bunun əsas mahiyyəti istehlakçı davranışlarını daha dəqiq təhlil etmək və marketinq fəaliyyətlərini real vaxtda optimallaşdırmaqdır.

Ölkəmizdə istehsal və xidmət sahəsində fəaliyyət göstərən  mikro sahibkarlardan başlayaraq böyük sahibkarlara qədər rəqəmsal marketinq faəliyyətindən faydalanırlar. Lakin bəzi özünü rəqəmsal marketinq üzrə mütəxəssis sayanlar, xüsusi ilə ətir və geyim sektorunda reklam fəaliyyətlərində açıq-saçıq qadın obrazlarından istifadə edərək məntiqi əsaslandırmadan uzaqlaşırlar. Satmaq istədikləri məhsulların reklam mesajı ilə məhsulun funksionallığı və emosional dəyəri arasında uyğunluq  qurmurlar. Reklamın əsas mahiyyəti olan məlumatlardan çox reklama çəkilən qadınlar diqqətləri cəmləyir. Qadının bu formada təqdim edilməsi onu istehlak obyektinə çevrilmə riski yaradır. Bu bizim mədəniyyətimizə və ailə institutuna zidd olsa da satışların artmasını təmin edir. Müasir satış fəaliyyəti məsuliyyətli qərarlara, davamlı inkişafa və korporativ brendin formalaşdırılmasına dayanır.

Düşünürəm ki, sosial şəbəkələrə sərt nəzarət və bəzi hallarda qapadılması təklifləri problemin həlli yolu deyil. Çünki xarici nömrələrlə qeydiyyatdan keçmiş sahibkarlar bu fəaliyyətləri davam etdirəcəklər.  Sosial medianın sərhədi olmadığı kimi, rəqəmsal satış platformalarının da qarşısında hər hansı sərhədlər qalmayıb.

Azərbaycan  Respublikasında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin marketinq, strateji qərarların qəbul edilməsi, layihələrin idarə edilməsi, brendin formalaşdırılması və idarə edilməsi, reklam fəaliyyəti, kontentin yaradılması sahələrində davamlı maarifləndirmə fəaliyyətlərinin həyata keçirilməsi zəruridir. Çünki nəzəri biliklərə əsaslanmayan marketinq fəaliyyəti uzun müddət uğur təmin edə bilməz.

Açıq-saçıq geyimli və ya bədən cizgiləri görünən qadınlarla reklam fəaliyyəti təşkil etmək  satışları artırsa da koorporativ brendin formalaşmasını təmin etmir.

 

Sənan Yəhya

Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri

Seçilən
81
qht.az

1Mənbələr