AZ

Ehtiram Quliyevin fikri nədir - “Turan”ı atıb qaçmaq?

Tezliklə Azərbaycanda daha bir stadion boşalacaq.

Qoy, bir az da keçsin, «Turan Tovuz» dolu tribunaları ilə gündəmə gəlməyəcək, komanda ev oyunlarını boş oturacaqlar önündə keçirəcək.

Bu, Kurban Berdiyev gedənədək belə davam edəcək. Artıq görürük də, hər ötən matçda stadiona toplaşanların sayı nə qədər azalır.

«Sabah» kimi iddialı, çempionluq arzusuyla yaşayan rəqib Tovuza gəlir, tribunalar dolmur. Artıq neçənci dəfədir ki, eyni mənzərə təkrarlanır.

Tovuz camaatı futbolu biləndir. Yaxşını pisdən, pisi yaxşıdan ayırmağı bacarırlar.

Bir kimsə bu publikanı aldadammaz. Azarkeş niyə stadionu doldursun, bir halda ki, Berdiyevin oynatdığı futbolun «Turan»ı rəzil duruma saldığını görürlər.

Başa düşürlər ki, bu nağılın axırı yaxşı qurtarmayacaq, klubun nəinki çempionluq, heç avrokuboklara vəsiqə intizarı da belə tezliklə bitməyəcək.

Çox da ki, Ehtiram Quliyev xam xəyallar qurur, Premyer Liqanı qazanmaqdan dəm vurur, Nəsimi Paşayev də arxasınca düşüb onu çəkir.

Hörmətli Ehtiram bəyin hər dəfə paltardəyişmə otağına yollanıb futbolçularla görüşmə anları sosial şəbəkələrdə paylaşılanda, nədənsə Kəmalə Günəşli ilə Niqulyanın məşhur səhnəsi yadıma düşür…

Tovuz stadionunu bürüyən «istefa» şüarı klub rəhbərliyinə bir mesajdır. Bu gün Kurban Berdiyevi getməyə səsləyənlər istəkləri həyata keçməyincə, sabah-birigün eyni tələbi Ehtiram Quliyevin özündən edəcəklər.

Dəyərli başqan hələ qəflət yuxusundan ayılmayıbsa, yaxud ayılmaq istəmirsə, onu yaxın tarixdə nələr gözlədiyini qoy bizdən eşitsin - «Turan» yolunda çəkdiyi əziyyətlər puç olub gedəcək, zərbə personasına dəyəcək, uğursuz rəhbər kimi adı yaddaşlarda dərin iz buraxacaq…

MUSA

Seçilən
107
sportinfo.az

1Mənbələr