Dövlətin əsas prioritetlərindən biri vətəndaşdır, məmurların vəzifəsi isə bu prioritetə xidmət etməkdən ibarətdir.
Vətəndaşa göstərilən qayğı dövlət idarəçiliyinin əsas meyarıdır. Dövlətin gücü təkcə iqtisadi göstəricilərlə deyil, vətəndaşa göstərilən diqqət və qayğı ilə ölçülür. Məmur anlayışı tam fərqli bir yanaşmanı ifadə edir. Məmurluq imtiyaz deyil, məsuliyyətdir və bu məsuliyyətin mərkəzində insan amili dayanır.
Əgər hər hansı bir məmur və ya millət vəkili vətəndaşın problemi və qayğısı ilə maraqlanmır, onun dərdinə biganə qalırsa, bu, dövlətçilik mahiyyətinin dərk edilməməsi deməkdir. Bu səbəbdən də bizə daxil olan müraciətləri nəzərə alaraq, bəzi məmurların davranışlarında müşahidə olunan laqeydlik və məsuliyyətsizlik halları təbii olaraq ciddi narahatlıq doğurur. Belə məsuliyyətsizlik qəti şəkildə yol verilməzdir.
Hörmətli nəzərdə tutduğum məmurlar, siz dövləti təmsil edirsiniz və atdığınız hər bir addım qalib dövlətimizə olan ictimai etimadı möhkəmləndirməlidir. Sizin atdığınız bəzi laqeyd addımlar isə dövlətə olan bu etimadı sarsıtmağa yönəlib.
Vətəndaş ölkəmizin ən ali dəyəridir. Məhz həmin vətəndaşlar dövlətimizin siyasi qürurunu 44 gün ərzində ən uca zirvələrə qaldırdılar. Bu vətənin övladları şanlı tariximizi yazdılar. Dövlət–vətəndaş münasibətlərinin sağlamlığı siz məmurların və millət vəkillərinin birbaşa məsuliyyəti və borcudur.
Tutduğunuz müvəqqəti vəzifə kreslosu heç bir halda vətəndaşdan üstün deyil.
Siz məmurlar dövlətin siması sayılırsınız və bunu mütləq nəzərə almalısınız. Bunu unutmayın ki, siz bu gün dünya miqyasında özünəməxsus yeri olan, ağıllı kəsimin, sivil toplumun və diplomatik müdrikliyi dərk edən ölkələrin sırasında xüsusi hörmətə və diqqətə layiq bir dövləti təmsil edirsiniz, özünüzü deyil.
Bu uca zirvəyə çatmaq üçün biz çox böyük, çətin, keşməkeşli, əzablı, lakin şərəfli bir yol keçmişik. Bu yol milli birliyimizin və həmrəyliyimizin, xalqımızın bizə göstərdiyi böyük etimadın, eləcə də Cənab Ali Baş Komandan, möhtərəm Prezidentimizin müstəsna xidmətləri sayəsində mümkün olub.
Bu nailiyyət Cənab Prezidentin böyük dövlətçilik düşüncəsi, misilsiz və planlı diplomatik üstünlükləri hesabına ərsəyə gəlib. Heç kimin haqqı yoxdur ki, bu böyük qələbəyə və şanlı tariximizə zərrə qədər də olsa xələl gətirsin.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu yazıdıqlarıma aid olan məmurlar bunu xahiş olmaqla yanaşı, eyni zamanda açıq tələb və xəbərdarlıq kimi qəbul etsinlər.
Çünki dövlətçilik anlayışı sadəcə vəzifə tutmaq deyil, xalqa xidmət etmək mədəniyyətidir.
Onu da qeyd edim ki, bu cür narazılıqlar və şikayətlər daha çox Lerik rayonundan daxil olur. Orada insanlar çox böyük çətinliklərlə özlərinə həyat qurublar. Həmişə dövlətinə sadiqliyi, vətənə xidməti və böyük məmnunluq hissi ilə yaşayan bu insanlara qarşı davranış qaydalarına, fərdi və ümumi münasibətlərin qurulmasına xüsusi diqqət göstərilməsini xahiş edirəm.
Ələxsusda bəzi hüquq-mühafizə orqanları əməkdaşlarının daha ehtiyatlı və nəzakətli davranmalarını arzu edirəm.
Güman edirəm ki, bu tip yazıları bir daha yazmağa ehtiyac qalmayacaq. Əgər növbəti dəfə belə bir ehtiyac yaranarsa, daha kəskin və açıq formada, atdığınız addımlar barədə kifayət qədər geniş məlumata malik olduğumu nəzərə alaraq, məsələnin ciddi şəkildə araşdırılması üçün rəsmi qaydada müvafiq qurumlardan xahiş edəcəm. Bu mövqe şəxsi yanaşma deyil, dövlətçilik məsuliyyətindən doğan açıq mövqedir. Bu gün qalib dövlətin adı yalnız tarixdə deyil, gündəlik idarəçilikdə də uca tutulmalıdır. Hər bir məmur anlamalıdır ki, onun davranışı dövlətin simasını formalaşdırır. Vətəndaşa göstərilən münasibət dövlətin gücünün ən real göstəricisidir. Əldə edilən qələbələr laqeydliklə deyil, məsuliyyətlə qorunur. Bu xalq çətinliklərdən keçərək bu zirvəyə çatıb və bu zirvənin dəyəri hər kəs üçün toxunulmazdır. Dövlətə sədaqət sözlə deyil, əməl və davranışla sübut olunur. Bu səbəbdən də hər bir addım ölçülüb-biçilmiş, vicdanlı və ədalətli olmalıdır. Qalib dövlətin adına kölgə salan hər bir davranış yolverilməzdir.
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri