Bakı, 16 dekabr, AZƏRTAC
Borclu müflis olduqdan sonra sağlamlaşdırmanın uğurlu olması ehtimalı əhəmiyyətli şəkildə azalır. Buna görə də, sağlamlaşdırma prosesinə nə qədər erkən başlanılsa, onun uğurlu olmaq ehtimalı artır. Uğurlu preventiv restrukturizasiya prosesinin bir çox üstünlüklərindən danışmaq yerinə düşər. Prosesdən ən çox fayda götürənlər elə kreditorlar özləridir.
Bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, İngiltərə və Uelsin Yüksək Məhkəmələrinin solisitoru, transsərhəd müflisləşmə və restrukturizasiya hüququ üzrə ekspert Dr. Abbas Abbasov AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, restrukturizasiyanın baş tutmadığı halda borclu böyük ehtimal müflis elan olunacaq və onun mövcud əmlakının satışından əldə edilən vəsaitlər kreditorlar arasında onların ilkin tələblərinə mütənasib şəkildə bölüşdürüləcək.
“Müxtəlif ölkələrin statistikası göstərir ki, bu zaman təminatsız kreditorların geri qaytara bildikləri məbləğin onların ilkin tələblərinə münasibətdə ortalama faiz nisbəti bir rəqəmli olur. Sadə misalla desək, ilkin tələbinin məbləği yüz manat təşkil edən orta statistik təminatsız kreditora müflisləşmə icraatı çərçivəsində satışdan əldə olunan vəsaitlərdən çatası məbləğ heç on manata çatmır. Borclunun hələ müflis olmadığı dövrdə uğurlu preventiv restrukturizasiya tədbirləri vasitəsilə isə kreditorlar özlərinin ilkin tələblərinin əhəmiyyətli dərəcədə yüksək hissəsinin ödənilməsinə nail ola bilərlər. Bundan başqa, bir müəssisənin müflisləşmə nəticəsində ləğv edilməsinin qarşısının alınması, eyni zamanda, bir iş yerinin və vergi ödəyicisinin xilas edilməsidir. Təsadüfi deyil ki, son illərdə müxtəlif yurisdiksiyalarda qanunvericiliyə yeni preventiv restrukturizasiya mexanizmlərinin daxil edilməsi müşahidə olunur. Məsələn, Avropa İttifaqının 2019-cu ildə qəbul edilmiş Restrukturizasiya və Müflisləşmə haqqında Direktivi üzv dövlətlərin üzərinə öz qanunvericiliklərində belə mexanizmlərin mövcudluğunu təmin etmək öhdəliyi qoyur”,- deyə A.Abbasov qeyd edib.
Müsahibənin tam versiyası az sonra AZƏRTAC-da dərc olunacaq.