AZ

Ekspert: Zəngəzur dəhlizinin reallaşması türk dünyasının ticarət, logistika və siyasi əlaqələrini gücləndirəcək

Bakı, 16 dekabr, AZƏRTAC

Zəngəzur dəhlizinin reallaşması, şübhəsiz ki, bütün türk dünyasının ticarət, logistika və siyasi əlaqələrini gücləndirəcək.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert, professor, doktor Hüseyn İşıqsal bildirib.

Onun sözlərinə görə, ən vacib məsələ digər regional aktorların türk dünyasının ticarət, logistika və siyasi əlaqələrinin bu şəkildə güclənməsinə necə reaksiya verəcəyi və buna mane olmaq üçün edilən hər hansı potensial cəhdlərin necə aradan qaldırıla biləcəyidir.

Hüseyn İşıqsal qeyd edib ki, Zəngəzur bir çox ölkə üçün maraqlı bir coğrafiyada yerləşir.

“Xüsusilə Türkiyə və Azərbaycan, eləcə də İran, Ermənistan və Rusiya hadisələri diqqətlə izləyir. Rəsmi Bakı TANAP layihəsi vasitəsilə Azərbaycan qazını Türkiyə üzərindən Avropaya nəql edir və beləliklə, iki qardaş ölkə arasındakı dostluğu iqtisadi əlaqələr vasitəsilə gücləndirir. Zəngəzur dəhlizinin tam gücü ilə işləməsi ilə Türkiyə, Azərbaycan və Türk dünyası arasında ticarət həcmi eksponensial olaraq artacaq. Bu, Avropa Birliyinin bu yaxınlarda təsir dairəsini genişləndirməyi hədəflədiyi Orta Asiyadakı türk dövlətləri üçün daha təhlükəsiz alternativ təmin edəcək. Bu, Azərbaycan və Türkiyəni regionda daha təsirli edəcək.”,-deyə H. İşıqsal vurğulayıb.

Hüseyn İşıqsalın sözlərinə görə, Türkiyə və Azərbaycanın iqtisadiyyatı, ixracı rəqabət aparan sektorlardan deyil, tamamlayıcı sektorlardan ibarətdir: “Bundan əlavə, Zəngəzur cəhlizinin açılması regiondakı bütün ölkələr arasında, həm öz aralarında, həm də digər coğrafiyalarla əlaqələri asanlaşdıracaq, ticarət və logistika əlaqələrini gücləndirəcək və rifahı artıracaq. Başqa sözlə, coğrafi cəhətdən əlverişli olan, məsafələri qısaldan və xərcləri azaldan Zəngəzur dəhlizi, Avropadan Çinə qədər uzanan Orta Dəhlizi də getdikcə daha funksional hala gətirəcək və beləliklə, qlobal ticarət balanslarına təsir göstərəcək”.

Seçilən
121
azertag.az

1Mənbələr