Bakı,16 dekabr, AZƏRTAC
Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün yaşıl iqtisadiyyatın genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Azərbaycanda da son illər bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilir, o cümlədən yaşıl və enerjiyə qənaət edən materialların tətbiqi əhəmiyyətli dərəcədə artıb.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı ekspert Məhəmməd Bayramov deyib.
Onun sözlərinə görə, dövlətin “yaşıl tikinti” və enerji səmərəliliyi sahəsində həyata keçirdiyi siyasət və normativlər bu istiqamətdə əsas təkanverici amillərdir.
“Yeni tikinti layihələrində ekoloji cəhətdən təmiz, təkrar emal olunan və enerji sərfiyyatını azaldan materialların istifadəsi təşviq olunur. Hazırda bu materiallar əsasən Bakı və Abşeron yarımadasında geniş tətbiq edilir, çünki burada müasir yaşayış kompleksləri və kommersiya obyektlərinin tikintisi daha aktivdir.
Bundan əlavə, azad edilmiş ərazilər, xüsusilə Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələrində bərpa və yenidənqurma layihələrində də yaşıl və enerji qənaət edən materialların istifadəsində artım müşahidə olunur. Bu bölgələrdə bərpaolunan enerji mənbələri ilə yanaşı, tikinti materiallarının enerji səmərəliliyi tələblərinə uyğun seçilməsi əsas prioritetlərdəndir. Bu isə ölkənin enerji sərfiyyatının azalmasına və ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bakı Ağ Şəhər layihəsi çərçivəsində də yaşıl sahələrin genişləndirilməsi, enerji səmərəliliyi texnologiyalarının tətbiqi və aşağı karbonlu tikinti materiallarından istifadə edilməsi kimi strategiyalara üstünlük verilir”, - deyə ekspert vurğulayıb.