AZ

Almaniya və Fransada Ukraynaya dəstəyin azaldılmasını, ABŞ və Kanada da isə artırılmasını dəstəkləyirlər

Şimali Amerikada ictimai rəy Kiyevə maliyyə yardımının saxlanmasını və artırılmasını dəstəkləyir...

Poliqon xəbər verir ki, The POLITICO Poll tərəfindən Almaniya, Fransa, ABŞ, Kanada və Böyük Britaniyada aparılan sorğu Ukraynaya münasibətdə Qərb ölkələri arasında ciddi rəy fərqlərini üzə çıxarıb. Sorğunun nəticələrinə əsasən, Almaniya və Fransada respondentlərin əhəmiyyətli hissəsi Kiyevə maliyyə və hərbi dəstəyin azaldılmasının tərəfdarıdır. Bunun əksinə olaraq, ABŞ, Kanada və Böyük Britaniyada ictimai rəy Ukraynaya dəstəyin saxlanmasını, hətta artırılmasını məqsədəuyğun sayır.

Beş ölkənin hamısında Ukraynaya yardımın əsaslandırılması üçün ən çox göstərilən səbəb “ölkələrə güc yolu ilə ərazi zəbt etməyə icazə verilməməlidir” mövqeyi olub. Respondentlər bu arqumenti beynəlxalq hüququn və mövcud dünya nizamının qorunması baxımından həlledici sayırlar. Eyni zamanda, əlavə yardımın əleyhinə ən çox səsləndirilən arqument xərclərin artması və milli iqtisadiyyatlara düşən təzyiqlə bağlı narahatlıqlar olub.

Almaniyada sorğu iştirakçıları maliyyə yardımının artırılmasına ən az meyilli qrup kimi önə çıxır. Respondentlərin təxminən 45 faizi Ukraynaya maliyyə dəstəyinin azaldılmasını istədiyini bildirib, cəmi 20 faiz isə yardımın artırılmasını dəstəkləyib. Fransada da oxşar tendensiya müşahidə olunur: 37 faiz Kiyevə daha az vəsait ayrılmasının tərəfdarı olduğunu deyib, 24 faiz isə daha çox yardım verilməsini məqsədəuyğun sayıb. Bu göstəricilər Avropanın aparıcı ölkələrində müharibənin uzanmasının ictimai rəyə təsirini və iqtisadi narahatlıqların artdığını göstərir.

Avropada artan skeptisizm fonunda Şimali Amerikada Ukraynaya dəstək sabit qalır. ABŞ-da respondentlərin ən böyük payı, 37 faiz maliyyə yardımının artırılmasını dəstəklədiyini bildirib. Kanada da bu baxımdan ABŞ-a yaxın mövqedədir: sorğuda iştirak edən kanadalıların 35 faizi Kiyevə daha çox maliyyə dəstəyi verilməsinin tərəfdarıdır. Böyük Britaniyada da ümumi rəy Ukraynaya yardımın davam etdirilməsini dəstəkləyən mövqedə qalır.

Sorğunun nəticələri Qərb daxilində Ukraynaya dəstək məsələsində vahid mövqenin zəiflədiyini, xüsusilə Avropada iqtisadi və sosial faktorların ictimai rəyi daha çox təsirləndirdiyini göstərir. Bununla yanaşı, Şimali Amerikada Ukraynaya dəstəyin hələlik strateji və prinsipial məsələ kimi qəbul edildiyi diqqət çəkir.

Poliqon.info

Seçilən
131
poliqon.info

1Mənbələr