ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir. Nüvə silahına malik olan yeganə müsəlman dövlətidir və geosiyasi anlamda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi, milli təhlükəsizlik konfiqurasiyasının qurulmasında əhəmiyyətli rol oynayır. Pakistan, müstəqiliyimizin ilk illərindən bəri Qarabağ məsələsində sistemli şəkildə ölkəmizə dəstək vermiş, Ermənistanı dövlət kimi tanımamışdır”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Deputat vurğulayıb ki, Kəlbəcərin işğalından sonra, BMT Təhlükəsizlik Şurasının 822 saylı və sonrakı qətnamələr, məhz Pakistanın sədrlik etdiyi dövrdə qəbul edilmişdir və 44 günlük Vətən müharibəsində də, Pakistan Azərbaycana siyasi-mənəvi dəstək verməklə, xalqımızın qəlbində əbədi yer tutdu.
Nəsib Məhəməliyev
“Heç kimə sirr deyil ki, müharibənin gedişində bəzi xarici ermənipərəst dairələrin, xüsusilə cənubdan gələn təhdidlərin neytrallaşdırılmasında Pakistan dövlətinin, şəxsən baş nazir İmran Xanın tutduğu prinsipial mövqe əhəmiyyətli rol oynadı. Təsadüfi deyil ki, tarixi qələbəmi qeyd etmək üçün küçələrə axışan yüz minlərlə insanın əlində Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, Pakistan bayrağı da vardı. Bu gün Azərbaycan-Pakistan münasibətləri ən yüksək səviyyədə qurulmuşdur. Siyasi, iqtisadi, müdafiə, müdafiə sənayesi və s. sahələrdə, əməkdaşlığımız harmonik şəkildə inkişaf etməkdədir”-deyən deputat bildirib ki, ali səviyyədə qarşılıqlı səfərlər həyata keçirilir, parlamentlərarası əməkdaşlıq yüksək səviyyədə qurulmuşdur.
Nəsib Məhəməliyev qeyd edib ki, bu yaxınlarda Bakıda təşkil olunan Zəfər paradında Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, qardaş ölkələr Türkiyə və Pakistan hərbiçilərinin iştirakı hər birimizi qürurlandırdı: “Buna sıradan bir hadisə kimi yox, təlatümlər içində boğulan müasir dünyaya verilmiş mesaj kimi, Azərbaycanın ətrafında, qurulmaqda olan təhlükəsizlik halqası kimi baxmaq lazımdır. İkitərəfli münasibətlərlə yanaşı, bütün beynəlxalq platformalarda vahid mövqedən çıxış edirik. Azərbaycan, Pakistan xalqının ağrılı problemi olan Kəşmir məsələsində birmənalı dəstəyini çəkinmədən ifadə edir. Qətiyyətlə deyə bilərik ki, Azərbaycan-Pakistan münasibətləri dövrünün ən şərəfli səhifəsini yaşayır, qarşılıqlı dostluğa, hörmətə söykənən istiqamətdə inkişaf edir və günbəgün güclənir. Bütün bunlar dövlət maraqlarımıza cavab verməklə yamaşı, xalqlarımızı bir birinə daha da yaxınlaşdırır”.
Deputat hesab edir ki, hərtərəfli əməkdaşlıq üçün, xüsusilə iqtisadi sahədə güclü potensial mövcuddur.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.