AZ

Foreign Affairs: Avtoritar liderləri həqiqətən nə təhdid edir?..

Tarixin dərsləri göstərir ki, güc nümayişi avtokratiyaların əsas zəifliyini gizlədir...

Poliqon xəbər verir ki, tarixçi Stiven Kotkinin Foreign Affairs jurnalında dərc olunan təhlilində 1990–2000-ci illərdə dünyada demokratiyanın qlobal yayılması ilə bağlı ümidlərin niyə doğrulmadığı və bunun əvəzində avtoritar rejimlərin necə gücləndiyi araşdırılır. Müəllif qeyd edir ki, Soyuq müharibədən sonra liberal demokratiyanın qaçılmaz qələbəsi ideyası geniş yayılmışdı, lakin sonrakı onilliklər bu gözləntilərin ciddi şəkildə puça çıxdığını göstərdi.

Kotkinə görə, postsovet məkanında baş verən kütləvi etirazlar, Yaxın Şərqdəki “ərəb baharı”, eləcə də Çin, İranRusiyada mümkün liberallaşma ilə bağlı ümidlər uzunmüddətli və dayanıqlı siyasi dəyişikliklərə gətirib çıxarmadı. Əksinə, bir çox ölkədə avtoritar liderlər bu çağırışlardan nəticə çıxararaq hakimiyyətlərini möhkəmləndirməyə nail oldular.

Məqalədə vurğulanır ki, avtoritar rejimlər çevik şəkildə uyğunlaşdı: müxalifəti sərt üsullarla sıradan çıxardı, media üzərində nəzarəti gücləndirdi, “xarici agentlər” haqqında qanunlar qəbul etdi və hüquqi mexanizmlərlə yanaşı, müasir texnologiyalardan da istifadə edərək rəqiblərini neytrallaşdırdı. Bu strategiyalara yalnız daxili repressiyalar deyil, eyni zamanda xaricdə demokratik proseslərə müdaxilə cəhdləri də daxil oldu.

Bununla belə, Stiven Kotkinin əsas tezisi ondan ibarətdir ki, güc və sabitlik görüntüsünə baxmayaraq, avtoritar sistemlər dərin daxili zəifliklərə malikdir. Onların davamlılığı qorxuya, daimi səfərbərliyə və real və ya uydurma təhdidlərə qarşı mübarizə ritorikasına söykənir. Bu isə cəmiyyətin davamlı gərginlik şəraitində saxlanmasına səbəb olur və uzunmüddətli perspektivdə rejimlərin özünü daxildən qeyri-sabit edir.

Kotkin hesab edir ki, avtokratiyaların ən böyük təhlükəsi xarici təzyiqlərdən çox, məhz bu daxili ziddiyyətlərdir. Qorxu üzərində qurulan sistemlər çevik görünə bilər, lakin legitimlik və ictimai razılıq çatışmazlığı onları gözlənilməz böhranlara qarşı həssas edir.

Poliqon.info

Seçilən
122
poliqon.info

1Mənbələr