AZ

Məryəm Qafarzadə: Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyət Günləri Türk dünyasında vəhdəti möhkəmləndirir

Bakı, 16 dekabr, Günel Alıyeva, AZƏRTAC

Özbəkistan Mədəniyyət Günləri çərçivəsində İSESKO-nun Bakıdakı Regional Ofisində keçirilən tədbirlərdə iştirak etmək əsl mədəni birlik bayramıdır. Bu tədbirlərdə ortaq tarixin ahəngi duyulur, ənənələrin qohum motivləri tanınır və əsrlər boyu xalqları birləşdirən mənəvi yaxınlıq özünü aydın şəkildə göstərir. Bizim üçün bu tədbir mədəniyyət, musiqi və müxtəliflik bayramıdır. Özbəkistan dərin tarixi, mədəni və mənəvi bağlarla bağlı olduğumuz qardaş və qonşu ölkədir. Ortaq ənənələr, dil, din və tarix xalqlarımızı yaxınlaşdıran zəngin irsdir. Məhz buna görə də bu cür görüşlərdə iştirak bizim üçün xüsusi məmnunluq doğurur.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı İSESKO-nun Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə bildirib.

Onun sözlərinə görə, Özbəkistanın Azərbaycanda keçirilən Mədəniyyət Günləri ölkələrimiz arasında əlaqələrin nə qədər sıx olduğunu və özbək mədəniyyətinin Azərbaycanda yaradıcı ziyalılar, tələbələr, alimlər və geniş ictimaiyyət arasında nə dərəcədə səmimi maraq doğurduğunu bir daha təsdiqləyir.

Məryəm Qafarzadə vurğulayıb ki, bu gün Türk dünyasında vəhdətin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

“Bizi ortaq tarix, ortaq mədəniyyət və unikallıq, eləcə də ənənələrin zəngin müxtəlifliyi birləşdirir. İSESKO-nun Bakıdakı Regional Ofisi beş ölkə ilə — Azərbaycan və Mərkəzi Asiya dövlətləri olan Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanla əməkdaşlıq edir. Ölkələrimizin Türk və İslam dünyası çərçivəsində daha da sıx birləşdiyini görmək bizim üçün böyük qürur və şərəfdir”, — deyə o qeyd edib.

Məryəm Qafarzadə, həmçinin bu il Səmərqənd şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı seçilməsinə də toxunub. Onun sözlərinə görə, bu qərar xüsusi əhəmiyyət daşıyır, çünki şəhərin zəngin irsi, tarixi, memarlığı və özünəməxsusluğu, eləcə də bu bölgə ilə bağlı olan böyük mütəfəkkir və alimlər haqqında məlumatlar qlobal səviyyədə tanıdılmalıdır: “Biz regional ofis olaraq bu istiqamətdə fəaliyyət göstərir, mədəni irsin və görkəmli şəxsiyyətlərin — Əbu Əli ibn Sina, Əl-Xarəzmi, İmam əl-Buxari və digər böyük alimlərin adlarının təbliği ilə məşğul oluruq”.

 

Seçilən
118
azertag.az

1Mənbələr