“Turan Tovuz”un rəhbəri Ehtiram Quliyevə ürəyim yanır.
20 ilə yaxındır futboldayam, futbola bu cür sevgi verən, ürəyi futbolla döyünən başqanı 2-ci, ya 3-cü dəfədir görürəm.
Humanistdir, alicənabdır, uşaqla uşaq, böyüklə böyükdür. Tovuzda futbol olsun, “Turan” iddialılarla ayaqlaşsın deyə, şirkətin pulunu xərcləyir, hər oyunda 450 kilometr qət edib Bakıdan Tovuza gedib-qayıdır.
Qarşısına çıxanı bağrına basır, sosial layihələrdə iştirak edir. Jurnalistləri görəndə “əziyyətinizi halal edin, o boyda yol gəlmisiz” deyir.
İndiki zamanda belə adamları çıraqla taparsan. O da bəlkə.
Məqsədim Quliyevi qaldırıb Bazardüzü zirvəsinə qoymaq yox, Berdıyevə yaratdığı şəraitin qarşılığında hələ də dözməsinə, səbr etməsinə diqqət yetirməkdir.
İlyarımdir “Turan Tovuz”un “sükanı”nı əlində saxlayan 73 yaşlı rusiyalı tovuzlu azarkeşlərin nifrətini çoxdan qazanıb. Artıq səbr kasaları daşıb, “istefa” şüarını çəkinmədən dillərinə gətirirlər. Düz də edirlər.
O cür şəraitin, o sayda legionerin, o ağırlıqda büdcənin qarşılığında “Turan Tovuz”un göstərdiyi futbol ikrah doğurur. Qəzəb və qıcıq yaradır.
Nəticə olsaydı, hardasa qəbullanmaq olardı ki, adam baxımlı futbolu yox, avrokuboklara vəsiqəni düşünür. Kimsə “mık” edib ağzını aça da bilməzdi.
Ancaq bir komanda öz meydanında rəqiblər üçün “asan yem”ə çevrilən “Neftçi”ni uda bilmirsə, “Sabah”dan 3 top buraxırsa, ideal formasından uzaq düşən “Araz-Naxçıvan”la bərabərə qalırsa, 10 nəfərlə oynayan “Zirə”dən 3 xal ala bilmirsə, avrokubok arzusunun real olacağına inanmaq özünü aldatmaqdır.
Bəli, bir məşqçini qazanmaq üçün ona vaxt vermək lazımdır. Hər il bir məşqçi dəyişmək pulları küçəyə səpmək, futbolda naşılıq etməkdir. Futbolda zaman amili vacib şərtdir. Vaxtilə Qurban Qurbanova verilən vaxt kimi.
Amma Berdıyevin özünün vaxtı keçib. Belə bir adama verilən vaxt itkidən başqa bir şey deyil. Adamın gözləri parıldamır, simasından bədbinlik yağır, Allahın “salam”ını qaytaranda belə, əziyyət çəkir. Üzünə baxanda həyata nifrət edirsən. Sanki Rusiya-Ukrayna müharibəsinin ən qaynar yerindən qaçıb gəlib.
Əminəm ki, Ehtiram bəy Kurban Bekiyeviçlə uzağa getməyin mümkün olmadığını yaxşı bilir. Sadəcə içindən gələn səs ona səbrli olmağı məsləhət görür. Risk etmək çətin qərar olsa da, bəzən səni ağ günə çıxarır.
Berdıyev ilyarımdır eyni futbolçulardan ibarət müdafiə xəttində səhman yarada bilmir. Onun bugünkü məşqçilik işinə qiymət vermək üçün uzağa getmək yox, təkcə bu fakta söykənmək kifayət edir.
Qalanı qalsın Ehtiram Quliyevin ixtiyarına və insafına.
HƏBİB / SPORTİNFO.AZ