Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ötən il dekabrın 25-də AZAL-ın təyyarəsi Qroznu səmasında vuruldu. Onlarla sərnişin həyatını itirdi, xəsarət alanlar oldu. Amma uzun müddət Rusiya təyyarənin özü vurduğunu qəbul etmədi. Münasibətlər gərginləşdi. Nəhayət dövlət başçılarının görüşündə Putin üzrxahlıq etdi, günahkarların cəzalandırılacağını bildirdi. Amma hələ ki, bu istiqamətdə bir irəliləyiş görünmür. Əksinə yenə də Rusiyada yaşayan azərbaycanlılara qarşı aqressiyanın tətbiq edildiyinə şahidik. Rusiya yenəmi oyun oynadı? Məqsəd nədir?
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın Azərbaycan təyyarəsini vurmasından bir il tamamlanmaqdadır və bu zamana qədər Rusiya bu hadisə ilə bağlı öz üzərinə düşən məsələlərin əksəriyyətini yerinə yetirməyib.
Oqtay Qasımov
“Azərbaycanın tələblərinin bir qismi həyata keçirildi, digər qismi hələ də edilməmiş vəziyyətdə qalmaqdadır. Azərbaycana üzrxahlıq edildi, amma təzminat məsələsi və istintaqın dəqiq aparılması, günahkarların aşkarlanması və cəzalandırılması ilə bağlı məsələlərdə nəticə yoxdur. Sentyabr ayında Azərbaycan və Rusiya prezidentlərinin görüşündə bu məsələnin müzakirə olunduğunu və Putin tərəfindən üzrxahlıq edildiyinin şahidi olduq. Putin o zaman bildirdi ki, bu hadisə ilə bağlı araşdırma aparılır və Azərbaycan tərəfinə də bununla bağlı məlumat veriləcək. Rusiya qanunvericiliyinə görə, istintaq müddəti bir il olduğuna görə hər halda görünür ki, 10 gün və yaxud iki həftə də gözləmək lazım gələcək. Əgər o zaman Rusiya istintaqla bağlı konkret və obyektiv qərar verəcəksə, bu, Rusiyanın xoş niyyətindən xəbər verəcək. Proses indiyə qədər olduğu kimi sürdürüləcəksə və qeyri-müəyyən vaxta uzadılacaqsa, bu da o demək olacaq ki, Rusiyanın niyyəti başqadır və Rusiya hələ də məsələlərə konstruktiv yanaşmaq niyyətində deyil”-deyən politoloq qeyd edib ki, Azərbaycanın tələbləri yerinə yetiriləcəksə, Azərbaycan Rusiya ilə münasibətlərin inkişafında və normal olmasında maraqlıdır və bu proses davam edəcək.
“Rusiya tərəfindən bu tələblər yerinə yetirilməyəcəksə və ənənəvi imperiyapərəst düşüncə üstün gələcəksə ki, bu ehtimal daha çoxdur, o zaman şübhəsiz ki, Azərbaycan da Rusiyanın bu addımlarına qarşı müvafiq tədbirlər görəcək və Rusiya ilə daha ehtiyatlı, daha məsafəli siyasət aparmağa çalışacaq”-deyə Oqtay Qasımov vurğulayıb.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.