Berlin, 17 dekabr, AZƏRTAC
FIBA Çempionlar Liqasının debütantı olan “Sabah” basketbol komandası qrup mərhələsində sonuncu oyunda səfərdə “Alba Berlin” komandası ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Berlindəki “Uber Arena”da keçirilən oyunda ev sahibləri qalib gəliblər - 106:82.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, səfirliyin əməkdaşları və Berlində yaşayan azərbaycanlılar arenaya gələrək komandamıza fəal dəstək nümayiş etdiriblər. Əllərində Azərbaycan bayraqları olan azarkeşlərimiz komandamızı oyun boyu alqışlarla ruhlandırıb, tribunada milli həmrəylik ab-havası yaradıblar.
Qarşılaşmada uğursuzluğa baxmayaraq, “Sabah” basketbolçuları meydanda əzmkar oyun nümayiş etdiriblər.
Bu komandalar arasında oktyabrın 15-də Bakıda keçirilən görüşdə də “Alba Berlin” 85:76 hesabı ilə üstün olmuşdu.
Qeyd edək ki, “Sabah” çempionatın qrup mərhələsində “Alba Berlin”, Çexiyanın “ERA Nymburk”, Fransanın “Elan Chalon” klubları ilə birlikdə “B” qrupunda yer alıb. Qrupda bir qələbə qazanan komanda 6 xalla sonuncu yeri tutaraq turnirdə mübarizəni dayandırıb. Komandamız yeganə qələbəsini dekabrın 9-da Bakıda “ERA Nymburk” komandası üzərində qazanıb - 105:87.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin