AZ

Xirosimaya atom bombası atılması zamanı həlak olan şəxsin kimliyi 80 ildən sonra müəyyənləşdirilib

1945-ci il faciəsinin naməlum qurbanlarından birinə DNT analizi sayəsində ad və kimlik qaytarılıb…

1945-ci ildə Xirosimaya atılan atom bombası zamanı həlak olmuş şəxslərdən birinin qalıqları faciədən təxminən 80 il sonra DNT analizi vasitəsilə müəyyən edilib.

Poliqon xəbər verir ki, bu barədə Yaponiyanın Asahi Shimbun qəzeti məlumat yayıb.

Xirosima şəhər administrasiyasının rəsmi açıqlamasına əsasən, aşkar edilən insan qalıqları atom bombardmanı zamanı, 1945-ci il avqustun 6-da həlak olmuş 13 yaşlı Hatsue Kaciyamaya məxsusdur. Məlumata görə, identifikasiya qalıqlardan qorunub saxlanılmış saç tellərindən əldə olunan DNT nümunələrinin onun yaxın qohumu, bacısının genetik materialı ilə müqayisəsi nəticəsində mümkün olub.

Araşdırmada dönüş nöqtəsi Kaciyamanın bacısı oğlunun şəhər rəhbərliyinə müraciətindən sonra baş verib. O, tapılmış qalıqların xalasına aid ola biləcəyindən şübhələnərək yoxlama aparılmasını xahiş edib. Müraciətçi diqqətə çatdırıb ki, Hatsue adı Xirosima Sülh Parkındakı memorial siyahılarda, kenotaf reyestrində qeyd olunan ada çox oxşardır, lakin bu günədək qalıqların ona məxsusluğu rəsmi şəkildə təsdiqlənməyib. Bu təşəbbüsdən sonra Kanaqava Universitetinin mütəxəssisləri genetik müqayisə apararaq qohumluğu elmi şəkildə təsdiqləyiblər.

Mütəxəssislər bildirirlər ki, bu hadisə təkcə Kaciyama ailəsi üçün deyil, bütövlükdə Yapon cəmiyyəti üçün böyük mənəvi əhəmiyyət daşıyır. Çünki atom zərbəsi nəticəsində həlak olmuş minlərlə insan uzun illər ərzində adsız və kimliyi bilinməyən qurbanlar kimi yadda qalıb. Bir çox ailələr yaxınlarının dəqiq taleyini heç vaxt öyrənə bilməyib.

Qeyd edək ki, Xirosimaya atom bombası atılması bəşər tarixində nüvə silahının ilk döyüş tətbiqlərindən biri olub və 6 avqust 1945-ci ildə baş verib. Bu hadisə təkcə dərhal yaranan dağıntılar və kütləvi insan tələfatı ilə deyil, həm də uzunmüddətli sosial, mədəni və psixoloji nəticələri ilə insanlıq tarixində yeni və faciəli bir dövrün başlanğıcı kimi qiymətləndirilir. Bu təsirlər bu gün də Yaponiyada və dünyada hiss olunmağa davam edir.

Poliqon.info

Seçilən
136
poliqon.info

1Mənbələr