ABŞ prezidentinin neft tankerlərinə blokada tətbiqi qlobal enerji bazarlarında ani reaksiya doğurub…
ABŞ prezidenti Donald Trampın Venesuelaya gedən və ölkədən çıxan sanksiyaya məruz qalmış neft tankerlərinə “tam və hərtərəfli blokada” tətbiq etməsi dünya enerji bazarlarında qiymətlərin sürətlə yüksəlməsinə səbəb olub.
Poliqon xəbər verir ki, u barədə Reuters Agentliyi məlumat yayıb.
Məlumata görə, GMT vaxtı ilə saat 1:35-ə olan vəziyyətdə ABŞ-nin WTI markalı xam neftinin fyuçersləri 1 faiz bahalaşaraq bir barel üçün 55,86 dollara yüksəlib. Brent markalı neftin fyuçersləri isə 0,9 faiz artaraq 59,5 dollar səviyyəsində qərarlaşıb. Analitiklər qiymət artımını bazarlarda Venesuela neftinin tədarükü ilə bağlı risklərin artması ilə izah edirlər.
Qiymətlərin yüksəlməsindən az əvvəl Donald Tramp Venesuelaya gedən və ölkədən çıxan bütün sanksiyalı neft tankerlərinə qarşı blokada tətbiq edildiyini açıqlayıb. O, eyni zamanda Bolivar Respublikası kimi tanınan Venesuelanın hazırkı hakimiyyətini “xarici terror təşkilatı” kimi tanıdığını bildirib. Tramp bu qərarı ABŞ-nin aktivlərinin “oğurlanması”, terror fəaliyyəti, narkotik qaçaqmalçılığı və insan alveri ilə əsaslandırıb.
Ağ Evin rəhbəri əlavə edib ki, Vaşinqton Karakas üzərində hərbi təzyiqi artırmaqda davam edəcək. Onun sözlərinə görə, Venesuela hakimiyyəti ABŞ-yə “əvvəllər oğurlanmış bütün neft, torpaq və digər aktivləri” qaytarmayana qədər regionda ABŞ hərbi fəallığı gücləndiriləcək.
Xatırladaq ki, noyabrın 30-da Donald Tramp Venesuela prezidenti Nikolas Maduronu vəzifəsini tərk etməyəcəyi təqdirdə mümkün güc tədbirləri ilə hədələyib. Bundan əvvəl isə ABŞ lideri Venesuela və onun ətrafındakı hava məkanının bağlandığını elan edib. Bu bəyanatlar Karib hövzəsində ABŞ hərbi qruplaşmasının gücləndirilməsi fonunda səsləndirilib və regionda geosiyasi gərginliyi daha da artırıb.
Poliqon.info