AZ

Venesuela neftinin alıcıları ciddi endirimlər tələb edib

Çin neftayırma zavodları ABŞ-nin blokadası fonunda PDVSA ilə müqavilə şərtlərinin yenidən baxılmasını istəyir…

Poliqon xəbər verir ki, Venesuela neftinin əsas alıcıları olan Çin neftayırma zavodları dövlətə məxsus PDVSA şirkətindən daha dərin endirimlər və spot müqavilələrdə dəyişikliklər tələb ediblər. Reuters agentliyinin mənbələrə istinadla yaydığı məlumata görə, Venesuelanın Merey markalı nefti üzrə endirimlər bir barel üçün 21 dollara qədər yüksəlib.

Məlumata əsasən, endirimlərin artmasının əsas səbəbi regionda təhlükəsizlik risklərinin kəskin yüksəlməsidir. Gəmi sahibləri ABŞ hərbi qüvvələrinin fəallaşması fonunda tankerlərin saxlanılması, yoxlanılması, ələ keçirilməsi və ya marşrutdan kənar istiqamətə yönləndirilməsi ehtimalını qiymətə daxil edirlər. Bu risklər daşınma xərclərini artırır və nəticədə neftin satış qiymətinə ciddi təsir göstərir.

Bununla yanaşı, Çinli müştərilər PDVSA-ya müraciət edərək sövdələşmələr üzrə əvvəlcədən ödəniş tələbinin ləğv edilməsini, eləcə də çatdırılmada mümkün gecikmələrə görə kompensasiya mexanizmlərinin nəzərdə tutulmasını istəyiblər. Reuters-in mənbələri bildirir ki, Venesuelanın dövlət neft şirkəti yüklərin geri qaytarılması ilə bağlı sorğuların artması riski ilə də üzləşə bilər.

Venesuela tərəfi isə vəziyyətin nəzarət altında olduğunu iddia edir. Ölkənin vitse-prezidenti və neft naziri Delsi Rodriqes bildirib ki, “ABŞ-nin addımları PDVSA-nın fəaliyyətini dayandırmayacaq” və neft ixracı davam edəcək.

Qeyd edək ki, Venesuelanın aylıq neft ixracının 55–90 faizi Çinin payına düşür. Noyabr ayında ölkə sutkada 952 min barel neft ixrac edib ki, bunun da 778 min bareli Çin istiqamətinə göndərilib. Reuters-in sorğusuna cavab verən sahə analitiklərinin fikrincə, hətta Venesueladan neft tədarükü tamamilə dayandırılsa belə, Çin bu xammal çatışmazlığını yalnız 2026-cı ilin fevralında hiss edə bilər. Hazırda Venesuela sahillərində ümumilikdə 11 milyon barel neft yüklənmiş tankerlər göndəriş üçün gözləyir.

Xatırladaq ki, bu gün ABŞ prezidenti Donald Tramp Venesuelaya daxil olan və ölkədən çıxan sanksiyalı bütün neft tankerlərinə qarşı “tam və total blokada” tətbiq olunması barədə göstəriş verib. Bu qərar beynəlxalq enerji bazarlarında və Venesuela neftinin əsas alıcıları arasında ciddi narahatlıq yaradıb.

Poliqon.info

Seçilən
140
poliqon.info

1Mənbələr