AZ

Kapital Bank-ın “keşbek” reklamı ilə real ödəniş arasında niyə fərq var?- FOTOFAKT

Azərbaycanda fəaliyyət göstərən Kapital Bank-ın təqdim etdiyi “BirKart” məhsulu ilə bağlı daha bir müştəri narazılığı ictimailəşib.

AzPost xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan məlumata görə, bankın reklam etdiyi keşbek şərtləri praktikada tam tətbiq olunmur və müştəri faktiki olaraq vəd ediləndən dəfələrlə az bonus əldə edir.

Belə ki, hadisə 16 dekabr tarixində baş verib. Müştəri rəsmi SOCAR yanacaqdoldurma məntəqəsində 56 manatlıq yanacaq alışı edib və ödənişi BirKart vasitəsilə həyata keçirib. Reklam materiallarında BirKart-ın SOCAR yanacaqdoldurma məntəqələrində 5 faiz keşbek verdiyi qeyd olunsa da, faktiki olaraq müştərinin balansına cəmi 0,39 manat keşbek əlavə edilib.

Müştəri bildirir ki, bonus SOCAR kateqoriyası üzrə deyil, “Bütün ödənişlər” kateqoriyası əsasında hesablanıb. Dəstək xidməti ilə əlaqə saxlanıldıqdan sonra isə daha təəccüblü cavab alınıb. Bank nümayəndəsi həmin yanacaqdoldurma məntəqəsinin sistem tərəfindən SOCAR kimi tanınmadığını bildirib.

Bu isə müştərinin təqdim etdiyi sənədlərlə ziddiyyət təşkil edir. Çekdə açıq şəkildə SOCAR adı, VÖEN və ödənişin rəsmi SOCAR terminalı vasitəsilə həyata keçirildiyi göstərilir. Buna baxmayaraq, bank tərəfindən təqdim olunan cavabda real sənədlərin deyil, daxili sistem alqoritmlərinin əsas götürüldüyü vurğulanıb.

Məsələ ilə bağlı əsas narazılıq ondan ibarətdir ki, müştəri MCC koduna və ya bank sistemində əməliyyatın hansı kateqoriya üzrə tanınacağına təsir göstərə bilmir. Nəticədə reklamda göstərilən şərtlərlə real tətbiq arasında ciddi fərq yaranır və məsuliyyət müştərinin üzərinə düşür.

Ekspertlər hesab edirlər ki, bu cür hallar istehlakçı hüquqları baxımından suallar yaradır. Reklam edilən şərtlərin praktikada dəyişməsi, yaxud texniki əsaslarla tətbiq olunmaması bank sektoruna olan etimadı zəiflədə bilər.

Müştəri baş verənlərin təkcə 0,39 manatlıq məsələ olmadığını, bu yanaşmanın minlərlə istifadəçini eyni vəziyyətlə üz-üzə qoya biləcəyini bildirir. O, məsələ ilə bağlı aidiyyəti qurumlara — Azərbaycan Respublikasının Mərkəzi Bankına, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət olunmasının vacibliyini vurğulayır.

Kapital Bank tərəfindən məsələ ilə bağlı açıqlama verilərsə xəbər yenilənəcək.

AzPost.az

Seçilən
112
azpost.info

1Mənbələr