AZ

Ağcabədidə 38 yaşlı kişi kredit borcuna görə arvadına xəsarət yetirdi TƏFƏRRÜAT

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Ağcabədi rayonunda 1987-ci il təvəllüdlü Hilal ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aybənizə (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 22 iyun 2025-ci ildə rayonun Hüsülü kəndi ərazisində baş verib. Hilal birgə yaşadıqları fərdi yaşayış evinin həyətində aralarında yaranmış mübahisə zamanı qəsdən həyat yoldaşı Aybənizin baş nahiyəsini və boynunu həyətdə olan çardağın dəmir borusuna, həmçinin digər nahiyyələrinə dəmir materialdan hazırlanmış stul ilə vurub. Hadisəni törədən Hilalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən Hilal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə yaşayır: “Fərdi əməklə məşğul oluram. Zərərçəkmiş Aybəniz mənim həyat yoldaşımdır. Biz 17 ildir ki ailəliyik. İki azyaşlı uşağımız var. Mən öz adıma kreditlə soyuducu götürərək Aybənizin anasına verdim. Razılaşmamıza görə həmin soyuducunun pulunu Aybənizin anası Maisə ödəməli idi. Maisə pulun bir hissəsini ödəsə də, qalan hissəsini ödəmədi və məni məhkəməyə verdilər”.Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 22-də, saat 21 radələrində evdə olan zaman kredit ödənişinin edilməməsi ilə bağlı Aybənizə deyib və ona anasının pulu ödəməsini bildirib: “Buna görə də aramızda mübahisə düşdü. Mən əsəbləşərək evdə olan stulu götürərək Aybənizin başına vurdum. Onun başından qan axmağa başladı. Aybənizə zərbə endirdikdən sonra oradan çıxaraq getdim. Daha sonra məlum oldu ki, Aybənizi xəstəxanaya aparıblar və orada onun başına tikiş qoyulub. Bundan sonra Aybəniz xəstəxanadan çıxaraq yaşadığımız evə gəldi. Sonra Aybəniz uşaqları da götürərək anasıgilə getdi”. Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə Hilal 300 saat müddətə ictimai işlər cəzası təyin edilib. Təqsirləndirilən şəxs ona təyin olunan ictimai işlər növündə cəzasını yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə çəkməsi qərara alınıb. Onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. Cəzaçəkmə müddətinin əvvəli ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablanacaq. Hökmün icrası yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.Fariz Məlikli

Demokrat.az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
92
demokrat.az

1Mənbələr