AZ

Yorğun və yuxusuz sürücülər yollarda ölüm saçır - DYP-dən ÇAĞIRIŞ- FOTO

Son dövrlərdə avtomagistrallarda baş verən ağır yol-nəqliyyat hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin ard-arda toqquşması və ya aramla hərəkət edən avtomobilin qəfil yoldan çıxaraq aşması kimi hallarda ən çox verilən sual budur: sürücü sükan arxasında ayıq olubmu?

Aparılan təhlillər göstərir ki, bu tip qəzaların mütləq əksəriyyətində sürücülər yorğun və ya yuxusuz vəziyyətdə olub. Bəzi hallarda isə mürgüləməmək üçün diqqəti yayındıran məşğuliyyətlərə yönəliblər ki, bu da nəqliyyat vasitəsinin faktiki olaraq nəzarətsiz qalması ilə nəticələnir.

Mütəxəssislərin fikrincə, son zamanlar baş verən ağır yol-nəqliyyat hadisələrinin əsas səbəbləri sırasında yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejiminə əməl etməməsi, uzunmüddətli fasiləsiz idarəetmə, diqqət dağınıqlığı, eləcə də texniki cəhətdən nasaz və istismar müddətini başa vurmuş nəqliyyat vasitələrinin yollara buraxılması dayanır. Bu amillər sürücülərin idarəetmə qabiliyyətini zəiflədir, reaksiyanın gecikməsinə səbəb olur və ağır nəticəli qəzaların baş vermə riskini əhəmiyyətli dərəcədə artırır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yorğun və yuxusuz halda sükan arxasına keçməməyə çağırır. Eyni zamanda yük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə təhlükəsizlik tədbirlərinə ciddi riayət etmələri, sürücülərin istirahət rejiminə nəzarəti gücləndirmələri tövsiyə olunur.

Qurum bir daha bildirir ki, yol hərəkəti təhlükəsizliyi hər kəsin məsuliyyətidir və bir anlıq diqqətsizlik geri dönüşü olmayan faciələrə səbəb ola bilər.

Seçilən
113
9
avtosfer.az

10Mənbələr