Naxçıvandan gələn sərnişinlər səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda gözləmək məcburiyyətində qalıblar. Ajans.az xəbər verir ki, bununla bağlı sərnişinlər qeyd edib ki, saatlardır soyuq havada gözləyirlər. O, təxminən 5-in yarısından etibarən bu acınacaqlı vəziyyətlə üz-üzə qaldıqlarını bildirib: "Saat 04:27-dən buradayıq. Keçidimizə icazə verilmir. Xəstələr, uşaqlar var. İnsanlar əziyyət çəkirlər. Məlumat verilmir, səbəbini bilmirik". Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən bildirilib ki, dekabrın 17-si sərnişinlərin idxal nəzarət xəttinə kütləvi şəkildə daxil olmaları, bəzi şəxslərin isə gətirdikləri mallara dair bəyannamələri vaxtında təqdim etməmələri gömrük nəzarəti tədbirlərinin qismən uzanmasına səbəb olub: "Qısa müddət ərzində həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların sürətli keçidi tam təmin edilib. Dövlət Gömrük Komitəsi sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin optimal vaxt ərzində həyata keçirilməsi üçün vətəndaşlara gömrük qanunvericiliyinə riayət olunmasını tövsiyə edir".(Mənbə: oxu.az)