AZ

Zəngəzur dəhlizi Orta Asiyaya açılan strateji qapı, Türk Dünyasının iqtisadi inteqrasiyasını sürətləndirən real mexanizmdir

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Zəngəzur dəhlizi bu gün Cənubi Qafqazda gedən iqtisadi və geosiyasi proseslərin əsas diqqət mərkəzindədir. Bu dəhlizə yalnız Azərbaycanın daxili nəqliyyat bağlantısı kimi yanaşmaq məsələni dar çərçivədə qiymətləndirmək olardı. Əslində, Zəngəzur dəhlizi Türk Dünyasını Orta Asiya ilə birləşdirən, Orta Dəhlizin funksionallığını artıran və regionun geoiqtisadi xəritəsini yenidən formalaşdıran strateji xətt kimi qiymətləndirilməlidir. Bu yanaşma həm Azərbaycan hökumətinin rəsmi mövqelərində, həm də Türk Dövlətləri Təşkilatının son sammit sənədlərində açıq şəkildə əksini tapır".

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. Politoloq qeyd edib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda regionda nəqliyyat və kommunikasiya xətlərinin açılması prinsipial razılaşma kimi təsbit olunub, bu kontekstdə Zəngəzur dəhlizi Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa və fasiləsiz əlaqənin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İqtisadçının fikrincə, bu, təkcə nəqliyyat məsələsi deyil, ölkənin daxili iqtisadi inteqrasiyasının gücləndirilməsi və regional inkişaf balansının təmin olunması baxımından da strateji addımdır. Eyni zamanda, dəhlizin Türkiyə üzərindən Orta Asiyaya uzanması Azərbaycanın Orta Dəhlizdə rolunu keyfiyyətcə yeni mərhələyə keçirir.

Əli Səlimov

“Son illərdə Avropa İttifaqı, Çin və Orta Asiya ölkələri Orta Dəhlizə marağını əhəmiyyətli dərəcədə artırıb. Avropa İttifaqının enerji təhlükəsizliyi, tədarük zəncirlərinin diversifikasiyası və Rusiyadan asılılığın azaldılması siyasəti fonunda Cənubi Qafqaz üzərindən keçən alternativ marşrutlar xüsusi əhəmiyyət qazanıb. Bu baxımdan, Zəngəzur dəhlizi Orta Dəhlizin səmərəliliyini artıran tamamlayıcı element kimi çıxış edir. İqtisadi aspektdən Zəngəzur dəhlizi türk dövlətləri arasında inteqrasiyanın praktiki mexanizminə çevrilmək potensialına malikdir. Türk Dövlətləri Təşkilatının qəbul etdiyi “Türk Dünyası 2040 Vizyonu” sənədində nəqliyyat, logistika və ticarət əlaqələrinin gücləndirilməsi əsas prioritetlərdən biri kimi göstərilir”-deyən iqtisadçı bildirib ki, Zəngəzur dəhlizi, məhz bu strateji məqsədlərin reallaşdırılmasına real infrastruktur bazası yaradır.

Əli Səlimovun sözlərinə görə, ticarət dövriyyəsinin artması, logistika xərclərinin azalması və yük daşımalarının daha qısa müddətdə həyata keçirilməsi region ölkələri üçün iqtisadi baxımdan ölçülə bilən üstünlüklər formalaşdırır.

“Zəngəzur dəhlizi regional güc balansına da təsir göstərən faktordur. Yeni nəqliyyat xəttinin formalaşması Cənubi Qafqazın geoiqtisadi əhəmiyyətini artırır və regionu Avrasiya ticarət xəritəsində daha görünən mövqeyə çıxarır. Zəngəzur dəhlizi yalnız nəqliyyat layihəsi deyil, Orta Asiyaya açılan strateji qapı, Türk Dünyasının iqtisadi inteqrasiyasını sürətləndirən real mexanizm və Azərbaycanın Avrasiya məkanında artan rolunun göstəricisidir. Bu layihə təsdiqlənmiş regional razılaşmalara, beynəlxalq maraqlara və mövcud geoiqtisadi trendlərə əsaslanaraq yeni əməkdaşlıq xəritəsinin formalaşmasında əsas təşəbbüslərdən biri kimi dəyərləndirilə bilər”-deyə iqtisadçı Əli Səlimov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
82
bizimyol.info

1Mənbələr