16 dekabr 2025-ci il tarixində saat 15:00-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində 12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının açılış mərasimi və turnirin ilk oyunları keçirilmişdir.
Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və turnirdə iştirak edən 6 komandanın atlı paradı ilə başlayan təntənəli açılış mərasimindən sonra Prezident Kuboku uğrunda oyunlara start verilmişdir.
Günün ilk qarşılaşmasında Polad və Zəfər çövkən komandaları üz-üzə gəlmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda Polad komandası 4:0 hesablı qələbə qazanmışdır.
Günün ikinci yarısında isə Embawood çövkən komandası Buta Golden çövkən komandasına qarşı keçirdiyi oyunda 1:0 hesablı qələbə əldə etmişdir.
Prezident Kuboku uğrunda çövkən yarışları 18, 20 və 22 dekabr tarixlərində davam edəcək, final oyunu isə 24 dekabr 2025-ci il tarixində keçiriləcəkdir.
Məlumat üçün bildirək ki, turnir çərçivəsində baş tutan bütün oyunlar İdman TV vasitəsilə canlı yayımlanır.
Azərbaycan Respublikası Atçılıq Federasiyası