Norveçin Kongsberg Defence & Aerospace şirkəti Danimarka hökuməti ilə NSM gəmi əleyhinə raketlə mobil sahil müdafiə sisteminin təchizatı üçün müqavilə imzalayıb.
Herbiand.az şirkətə istinadən bildirir ki, müqavilənin dəyəri 100 milyon avrodan çoxdur.
Sahil müdafiə sisteminə müasir atəş idarəetmə sistemi, NSM raketi və təkərli şassi üzərində mobil buraxılış qurğuları daxildir.
Danimarka NSM-i seçən 14-cü ölkə olub. Əvvəllər Norveç, Polşa, Malayziya, Almaniya, ABŞ, Rumıniya, Kanada, Avstraliya, İspaniya, Böyük Britaniya, Niderland, Belçika və Latviya bu sursatı alan ölkələr olub.
NSM orta mənzilli gəmi əleyhinə raket suüstü və və quru hədəfləri 250 km-ə qədər məsafələrdə vurmaq üçün nəzərdə tutulub. Alçaqdan uçan 400 kq-lıq raket (120 kq-lıq döyüş başlığı ilə) ərazini izləmək qabiliyyətinə malikdir və passiv istiqamətləndirmə sistemlərindən istifadə edir ki, bu da hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanmasını çətinləşdirir.
Bəxtiyar CƏFƏRLİ