AZ

Elektron siqaret qadağasının iqtisadi təsiri - Risklər var?

Azərbaycanda elektron siqaretlərin idxalının qadağan edilməsi ilə bağlı qəbul olunan qərar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Qadağanın dövlət büdcəsinə mümkün təsirləri və iqtisadi nəticələri ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Layihədə qanunvericiliyə aşağıdakı yeni anlayışların da daxil edilməsi təklif olunur:

  • Qızdırılan tütün məmulatı - tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilməyəcək.
  • Elektron siqaret - qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula biləcək.

Həmçinin, qanun layihəsinə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək.

Məlumdur ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi sürətli şəkildə davam edir. Əsas hədəflərdən biri qeyri-neft sektorunun inkişaf etdirilməsi, büdcəyə gömrük və vergidən daxilolmaların artırılmasıdır.

Maraqlıdır ki, belə bir hədəfin qoyulduğu bir zamanda elektron siqaretlərlə bağlı qadağa dövlət büdcəsinə daxilolmalara ciddi təsir edə bilər? 

Məsələ ilə bağlı Day.Az-a açıqlama verən iqtisadi ekspert Eldəniz Əmirov bildirib ki, elektron siqaretlərin idxalının dayandırılması aksiz daxilolmalarının azalması kimi qiymətləndirilsə də, bu amil büdcə üçün ciddi risk yaratmır:

"Əgər hər hansı məhsulun ölkəyə idxalı dayandırılırsa, təbii ki, həmin məhsul üzrə aksiz gəlirləri də formalaşmır. Çünki idxalın dayandırılması məhsulun artıq qanuni yolla ölkəyə daxil olmaması deməkdir. Amma elektron siqaretlərin tütün məhsulları bazarındakı payı kifayət qədər aşağıdır və bu səbəbdən onların idxalının dayandırılması büdcə daxilolmaları baxımından əhəmiyyətli təsir göstərmir.

Digər tərəfdən, bu seqmentdə yaranan boşluq alternativ məhsullarla doldurulacaq. Yəni elektron siqaretdən istifadə edənlərin bir qismi klassik tütün məmulatlarına keçid edəcək. Klassik siqaretlər üzrə isə aksiz daxilolmaları mövcuddur. Bu baxımdan qadağanın dövlət büdcəsinə mənfi təsir göstərəcəyini düşünmürəm. Əksinə, müəyyən istiqamətlər üzrə aksiz daxilolmalarında artım da müşahidə oluna bilər".

Ekspertin sözlərinə görə, qəbul olunan qərarın əsas üstünlüyü iqtisadi yox, ictimai sağlamlıq baxımından özünü göstərir:

"Ümumilikdə tütün və elektron siqaretlərlə bağlı qəbul edilən qərarlar - istər idxalın dayandırılması, istərsə də aksiz dərəcələrinin artırılması - tütün məhsullarından istifadə edənlərin sayının azalmasına səbəb olur. Bu yanaşma hər kəs tərəfindən qəbul edilməsə də, statistika göstərir ki, qadağalar və qiymət artımları fonunda tütün məmulatlarına maraq azalır. Yəni bu cür qərarlar uzunmüddətli dövrdə həm sağlamlıq, həm də sosial baxımdan müsbət nəticələr verir".

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
103
day.az

1Mənbələr