AZ

Keçmiş deputat elektron siqaret qadağasına qarşı çıxdı - Yeni təklif verdi

Azərbaycanda elektron siqaretlərin tam qadağan olunması ilə bağlı qanun layihəsi ictimai müzakirələrə səbəb olub. Milli Məclisdə müzakirəyə çıxarılan dəyişikliklərdən sonra bu məhsulların idxalından istifadəsinədək bütün mərhələləri əhatə edəcəyi deyilir.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev bildirib ki, elektron siqaretlərin tam qadağan edilməsi düzgün deyil:

“Hazırda bu məsələ ilə bağlı Milli Məclisdə müzakirələr aparılır. Düşünürəm ki, elektron siqaretlər və “IQOS” məhsulları adi siqaretlərlə eyni kateqoriyada tənzimlənsə, daha məqsədəuyğun olar. Həyat və praktika göstərir ki, satışda olan hər hansı bir məhsulun dövriyyəsi tamamilə dayandırıldıqda və ya qadağan edildikdə, sonradan həmin məhsul qeyri-qanuni yollarla ölkəyə gətirilir. Bu isə həm insanlar üçün, həm də dövlət büdcəsi üçün ciddi zərərlər və itkilər yaradır.

Ona görə də adi siqaretlər üçün hansı qaydalar mövcuddursa, elektron siqaretlər üçün də eyni qaydalar tətbiq edilməlidir. Bununla məsələ öz həllini tapa bilər”.

Sabiq deputat deyib ki, elektron siqaretlər ölkəyə qanuni şəkildə idxal edilməli, onların tərkibi ciddi şəkildə yoxlanılmalıdır: “Adi siqaretlərin tərkibi məlumdur və onların tərkibində insan sağlamlığı üçün zərərli olan 400-ə yaxın kanserogen maddə mövcuddur. Elektron siqaretlərin də aidiyyəti qurumlar tərəfindən mütləq ciddi yoxlanılması və hər bir partiyaya ayrıca sertifikat verilməsi təmin edilməlidir ki, bu məhsulun istifadəsinə icazə verilsin.

Əsas məqsəd qeyri-qanuni dövriyyənin qarşısını almaq, məhsulların normal qaydada xaricdən gətirilməsini təmin etməkdir. Tam qadağan etməyi düzgün yanaşma saymıram. Axı bu narkotik deyil ki, onun istifadəsinə və idxalına tam qadağa qoyulsun”.

Azərbaycanda siqaret istehsal edən “EUROPEAN TOBACCO Baku” fabrikinin rəhbəri olan R.Quliyev həmçinin təklif edib ki, orta və ali məktəblərin yaxınlığında həm adi, həm də elektron siqaretlərin satışına qadağa qoyulsun:

“Birmənalı olaraq, istər adi, istərsə də elektron siqaretlərin orta və ali məktəblərin yaxınlığında satışına qadağa qoyulmalıdır. Məsələn, təhsil müəssisələrindən 200-250 metr məsafədə bu məhsulların satışı və reklamı qadağan edilsin. Onsuz da hazırda bu məhsulların reklamı aparılmır. Bu tədbirlər kifayətdir və məsələnin müəyyən qədər tənzimlənməsinə imkan verər”.

Pulmonoloq həkim Aynur Məmmədova isə “Yeni Sabah”a açıqlamasında deyib ki, elektron siqaretlərin tam qadağa qoyulması zəruridir:

“Elektron siqaretlərin istifadəsinə tam qadağa qoyulması çox doğru olardı. Hazırda elektron siqaretlərlə bağlı ciddi problemlər mövcuddur. Onların tərkibində zərərli maddələr var. Xüsusilə, ağır metallar, mis, qurğuşun, nikel kimi maddələr, həmçinin yandırıcı maddələrdən gələn toksik elementlər mövcuddur. Digər kimyəvi maddələr arasında formaldehid, akrilen, propilenqliserol və müxtəlif aromaverici, dadlandırıcı maddələr var. Əlbəttə, elektron siqaretlərin tərkibində nikotin də mövcuddur.

Bəzi istehsalçılar iddia edir ki, nikotin yandırılmır və yalnız buxar halında istifadə olunur, ona görə də zərərsizdir. Amma bu doğru deyil. Maddələr isidildikdə buxar formasına gəlir və bu zaman həm nikotin, həm də ağır metallar tənəffüs yolu ilə bədənə daxil olur. Bəzi likitlərdə nikotin miqdarı 20 adi siqaretin tərkibi ilə eyni səviyyədə ola bilər”.

Onun sözlərinə görə, elektron siqaret xərçəng riski yaradır:

“Veyp istifadəçilərinin ağciyərlərində EVALI (elektron siqaret və buxar ilə əlaqəli ağciyər zədəsi), kəskin ağciyər çatışmazlığı, pnevmotorakslar (ağciyərlərdə sönmə), astma xəstəliyi, ürək-damar xəstəlikləri və insult riski artışı müşahidə olunur. Bundan əlavə, ağır metallar xərçəng riskini artırır.

2003-cü ildən etibarən bəzi ölkələrdə elektron siqaretlərin satışı qadağan edilib. Lakin ölkəmizdə hələ də ticarət mərkəzlərində müxtəlif rəng və növdə elektron siqaretlərin satışına rast gəlinir. Bu, marketinq məqsədli yayımdır və nəzarət yoxdur. Hətta 8-9-cu sinif şagirdlərinin belə elektron siqaretlərdən istifadə etdiyini görürük”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
111
yenisabah.az

1Mənbələr