Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında bildirib ki, təşkilat tərəfindən il ərzində maarifləndirici tədbirlər və təlimlər təşkil olunub, xüsusilə risk altında olan qruplar arasında məlumatlılığın artırılmasına xüsusi diqqət yetirilib.
Onun sözlərinə görə, bu tədbirlər çərçivəsində iştirakçılara zorakılığın növləri, hüquqi qorunma mexanizmləri, eləcə də insan alveri riskləri və onların qarşısının alınması yolları barədə praktik biliklər təqdim edilib:
"Təşkilat nəznində fəaliyyət göstərən “İlkin Dəstək və Reabilitasiya” Mərkəzi il ərzində ödənişsiz hüquqi və psixoloji dəstək göstərmiş, zorakılıq və istismar qurbanlarına ilk yardım, hüquqi məsləhət və psixoloji reabilitasiya xidmətləri təqdim edərək onların təhlükəsizliyini və hüquqlarını qorumağa dəstək olmuşdur.
Həmçinin, təşkilat İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü olaraq şimal regionlarında görüşlər, təlimlər və seminarlar təşkil etmişdir. Bu tədbirlər regionlarda insan alverinə qarşı maarifləndirmə və müdafiə işlərinin gücləndirilməsinə xidmət etmişdir. 2026-cı il üçün təşkilatımız fəaliyyət istiqamətlərini cəmiyyətin ehtiyaclarına uyğun olaraq müəyyənləşdirmiş və məişət zorakılığına, insan alverinə qarşı mübarizəyə və həssas qrupların müdafiəsinə fokuslanmışdır".