AZ

Elektron siqaretlər buna görə qadağan olunubmuş – AÇIQLAMA

Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişiklikdə elektron siqaretlərin ləğvi qərarı qəbul olunub.

Layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağandır.

Maraqlıdır, yalnız elektron siqaretlərin qadağan edilməsi nə ilə bağlıdır? Bu siqaretlər adi siqaretlərdən daha zərərlidirmi?

KONKRET.az bildirir ki, Sfera.az-a bu haqda açıqlama verən toksikoloq Aynur Məmmədova istənilən tütün və tütün məhsullarının insan orqanizmi üçün zərərli olduğunu qeyd edib:

“Bunlar həm ürək-damar sistemi, həm də ağciyərlər üçün ciddi təhlükə yaradır. Xüsusilə ürək-damar xəstəlikləri və infarkt hallarının artması Azərbaycan üçün ciddi problem olaraq qalır. Mən hesab edirəm ki, bu vəziyyətin əsas səbəblərindən biri məhz siqaret istifadəsidir. Ağciyər xərçəngi riski də tütün məhsullarının yaratdığı digər böyük təhlükələrdəndir. Elektron siqaretlərə gəldikdə isə, cəmiyyət arasında bu fikir formalaşıb ki, “elektron siqaret daha az zərərlidir”. Lakin bu yanlışdır. Hər halda elektron siqaret də tütün məhsuludur və orqanizm üçün zərərlidir. Ümumiyyətlə, cəmiyyətdə, xüsusilə gənclər arasında elektron siqaret istifadəsi getdikcə artır. Qızlar, gənclər, hətta azyaşlılar belə diqqətsizlikdən bu məhsulları istifadə edə bilir. Valideynlər isə bəzən bunu vaxtında hiss etmir”.

Mütəxəssisin sözlərinə əsasən, tütün və tütün məhsulları ilk növbədə ürək-damar sisteminə ziyan verir, ikinci növbədə ağciyər xərçənginə səbəb olur:

“Bundan əlavə, diş sağlamlığına, üz cizgilərinə və dərinin rənginə də mənfi təsir göstərir. Xüsusilə hamilə qadınların siqaret çəkməsi qəti şəkildə qadağandır, uşaqların da siqaret istifadəsi son dərəcə zərərlidir. Məncə, əgər Milli Məclis tütün və siqaretin satışını məhdudlaşdırmaqla bağlı daha sərt qərarlar qəbul etsəydi, bu, sağlamlıq baxımından çox müsbət olardı. Ümimiyyətlə elektron siqaretlə yanaşı, adi siqaret, içki məhsulları Azərbaycana gətirilməsə, satışı, alışı qadağan olunarsa daha yaxşı olardı. Mənim şəxsi fikrim odur ki, tütün və siqaret qəti zərərlidir və istifadəsi ciddi şəkildə məhdudlaşdırılmalıdır”.

Seçilən
27
1
konkret.az

2Mənbələr