Otelçilik biznesi sistemli yanaşma, uzunmüddətli strategiya və yüksək məsuliyyət tələb edən sahədir. Qrupumuza daxil olan otellər qonaqlara komfortlu yaşayış, yüksək xidmət mədəniyyəti və beynəlxalq standartlara uyğun keyfiyyət təqdim edir.
Bu sahəyə bank sektorunda əldə etdiyim peşəkar təcrübədən sonra gəlmişəm. Həmin təcrübə layihələrimizin idarə olunmasında proseslərin düzgün qurulmasına, reputasiyanın qorunmasına və hər bir detalın nəzarətdə saxlanmasına əsas yaradıb.
İl ərzində otel bazarında əhəmiyyətli dəyişikliklər müşahidə olundu. Qonaqlar artıq təkcə yerləşmə deyil, ümumi atmosferə, fərdi yanaşmaya və xidmət səviyyəsinə üstünlük verirlər. Bu baxımdan butik-otel formatına marağın artması təbiidir — kameralı, konseptual və yüksək keyfiyyətli məkanlar bazarda daha çox seçilir.
Azərbaycanda fəaliyyət göstərərək, otelçilik sektorunun böyük potensiala malik olduğunu görürəm. Eyni zamanda, peşəkar kadrların hazırlanması, xidmət keyfiyyətinin davamlı yüksəldilməsi və effektiv idarəetmə bu sahənin əsas tələbləri olaraq qalır.
Bir sahibkar kimi, kiçik və orta biznesin inkişafına göstərilən dövlət dəstəyini xüsusilə qeyd etmək istərdim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına yönəlmiş qərarları və tapşırıqları bu sahənin davamlı böyüməsində mühüm rol oynayır. Bu dəstək biznes üçün sabitlik, inam və uzunmüddətli inkişaf imkanları yaradır.
Bu ili yekunlaşdıraraq, Nizami Hospitality Group olaraq inkişaf strategiyamızı davam etdiririk və növbəti il üçün artıq şəbəkəmizdə beşinci olan Premium Comfort səviyyəli yeni butik-otelin açılışını planlaşdırırıq. Sözügedən otel Bakı şəhərində yerləşəcək və həm yerli, həm də xarici qonaqlara yüksək komfort və xidmət təqdim edəcək.
Əminəm ki, keyfiyyətə, məsuliyyətə və qonağa hörmətə əsaslanan yanaşma ilə Azərbaycanın otelçilik biznesi gələcək illərdə də mövqelərini daha da möhkəmləndirəcək.
Ağa Əliyev
“Nizami Hospitality Group”un təsisçisi