AZ

Yunanıstan, İsrail və Kipr Türkiyəyə qarşı birgə hərbi briqada yaratmağı müzakirə edir

Şərqi Aralıq dənizində sürətli reaksiya qüvvəsinin formalaşdırılması regional gərginlik fonunda gündəmə gəlib...

Poliqon xəbər verir ki, Yunanıstan, İsrail və Kipr Şərqi Aralıq dənizində mümkün böhranlara operativ cavab vermək üçün birgə sürətli reaksiya hərbi briqadasının yaradılması imkanını nəzərdən keçirir. Kipr mətbuatının yazdığına görə, təşəbbüs bölgədə artan ziddiyyətlər fonunda Türkiyəni cilovlamağa yönəlib və son dövrlərdə üçtərəfli hərbi-siyasi məsləhətləşmələrin intensivləşməsi ilə paralel müzakirə olunur.

Məlumatlara əsasən, mümkün birləşmənin tərkibinə ümumilikdə 2 500-ə yaxın hərbçi daxil ola bilər. Onlardan təxminən 1 000 nəfərin Yunanıstan və İsraildən, 500 nəfərə qədərinin isə Kiprdən olması nəzərdə tutulur. Bu qüvvələrin daimi dislokasiya olunmuş vahid briqada kimi deyil, böhran vəziyyətlərində sürətli yerləşdirmə formatında istifadəsi planlaşdırılır. Yunanıstan mediasına danışan rəsmi mənbələr bildirirlər ki, söhbət quruda, havada və dənizdə çevik şəkildə fəaliyyət göstərə bilən elastik strukturlu hərbi mexanizmdən gedir.

Plan çərçivəsində briqadanın aviasiya və dəniz komponentləri ilə dəstəklənməsi də nəzərdə tutulur. Buraya döyüş təyyarələri, freqatlar və sualtı qayıqların cəlb edilməsi daxildir. Mümkün yerləşmə məntəqələri kimi Yunanıstanda Rodos və Karpatos adaları, Kiprin özü, eləcə də İsraildəki hərbi bazalar göstərilir. Briqadanın əsas vəzifələri kritik dəniz infrastrukturunun, enerji xətləri və sualtı kabellərin qorunması, həmçinin regionda mümkün eskalasiya risklərinin qarşısının alınması olacaq.

Qeyd olunur ki, hazırda briqadanın yaradılması ilə bağlı rəsmi qərar qəbul edilməyib. Müzakirələr ilkin xarakter daşıyır və Yunanıstan, İsrail və Kipr arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə aparılan üçtərəfli məsləhətləşmələr çərçivəsində davam etdirilir.

Poliqon.info

Seçilən
114
poliqon.info

1Mənbələr