NATO-nun baş katibi müdafiəyə ÜDM-in 5 faizi ayrılmasının vacibliyini vurğulayıb...
Poliqon xəbər verir ki, NATO-nun baş katibi Mark Rütte BBC radiosuna müsahibəsində alyans üzvlərinin müdafiə xərcləri ilə bağlı öhdəlikləri yerinə yetirməməsi halında Rusiyanın yaxın bir neçə il ərzində NATO-dan daha güclü mövqeyə çıxa biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, əgər alyans ölkələri müdafiəyə ümumi daxili məhsulun 5 faizi həcmində vəsait ayırmaqla bağlı öhdəliyi icra etməsələr, təhlükəsizlik balansı ciddi şəkildə dəyişə bilər.
Müsahibə zamanı Mark Rütte Rusiya prezidenti Vladimir Putini də kəskin tənqid edib. NATO-nun baş katibi Putinin Ukrayna üzərində təsirini bərpa etmək, hətta keçmiş Sovet İttifaqının bütün ərazisində Moskvanın nüfuzunu yenidən qurmaq niyyətində olduğunu bildirib. Rütte bunu Putinin tarixi ideyası kimi xarakterizə edərək, bu yanaşmanın Avro-Atlantik təhlükəsizlik üçün ciddi risklər yaratdığını qeyd edib.
Onun fikrincə, Rusiya rəhbərliyinin bu cür ambisiyaları NATO-nun daha çevik, güclü və kollektiv şəkildə hərəkət etməsini zəruri edir. Rütte əlavə edib ki, alyans yalnız hərbi potensialını artırmaqla deyil, eyni zamanda siyasi birlik və strateji qətiyyət nümayiş etdirməklə bu çağırışlara cavab verə bilər.
Poliqon.info