Məqsəd Ukraynanın maliyyələşdirilməsi üçün Rusiya dövlət aktivlərindən istifadənin qarşısını almaqdır...
Poliqon xəbər verir ki, Belçika siyasətçiləri və maliyyə institutlarının rəhbərləri Rusiyanın kəşfiyyat strukturları tərəfindən həyata keçirilən hücumlar və qorxutma kampaniyasının hədəfinə çevriliblər. The Guardian qəzetinə danışan təhlükəsizlik xidmətlərinin nümayəndələri bildiriblər ki, bu fəaliyyətlərin məqsədi Belçikanı Ukraynanın maliyyələşdirilməsi üçün Rusiya dövlət aktivlərindən istifadənin bloklanmasına razı salmaqdır.
Məlumata görə, hücumlar və təzyiq cəhdləri əsasən dondurulmuş Rusiya aktivlərinin böyük hissəsinin saxlandığı qiymətli kağızlar depozitarı olan Euroclear-də mühüm vəzifələr tutan şəxslərə, eləcə də ölkə rəhbərliyinə qarşı yönəlib. Təhlükəsizlik qurumları bu hücumların məqsədli və planlı xarakter daşıdığını vurğulayıblar.
Qərb xüsusi xidmət orqanlarının qiymətləndirməsinə görə, sözügedən kampaniyanın arxasında Rusiya hərbi kəşfiyyatı – GRU dayanır. Bununla belə, təhlükənin real səviyyəsi hələ də müzakirə mövzusu olaraq qalır.
Avropalı rəsmi şəxslərdən biri bildirib ki, açıq şəkildə qorxutma taktikalarından istifadə olunub. Mənbələrin sözlərinə görə, təhdidlər Euroclear-in baş icraçı direktoru Valeri Urbenə və maliyyə qrupunun digər yüksək vəzifəli rəhbərlərinə ünvanlanıb. Nəticədə, adıçəkilən şəxslər şəxsi təhlükəsizliklərini təmin etmək üçün mühafizəçilər tutmağa məcbur olublar.
Poliqon.info