Hakimiyyət doğum səviyyəsini artırmaq üçün kontraseptivlərə ƏDV tətbiq etməyə hazırlaşır...
Poliqon xəbər verir ki, Çin hökuməti doğum səviyyəsinin artırılması məqsədilə prezervativlər və digər kontraseptiv vasitələrə tətbiq edilən vergi güzəştlərini ləğv etməyə hazırlaşır. The Guardian qəzetinin məlumatına görə, ölkədə ilk dəfə son 30 il ərzində bu məhsullara əlavə dəyər vergisi tətbiq olunacaq. Yeni qərara əsasən, 2026-cı ildən etibarən prezervativlər və kontraseptiv vasitələr 13 faiz ƏDV-yə cəlb ediləcək.
Qeyd olunur ki, 1993-cü ildən bəri Çində kontraseptiv vasitələrə ƏDV tətbiq edilmirdi və bu yanaşma uzun müddət doğumun məhdudlaşdırılmasına yönəlmiş dövlət siyasətinin tərkib hissəsi hesab olunurdu. Lakin son illər əhalinin sürətlə qocalması və doğum səviyyəsinin kəskin azalması rəsmi Pekini bu siyasəti yenidən nəzərdən keçirməyə vadar edib.
Məlumata görə, prezervativlərə verginin qaytarılması 2024-cü ildə qəbul olunmuş ƏDV haqqında yeni qanunda əksini tapıb və bu addım Çin vergi sisteminin modernləşdirilməsi çərçivəsində atılıb. Nəşr vurğulayır ki, hazırda ƏDV Çində ümumi vergi daxilolmalarının təxminən 40 faizini təşkil edir və hökumət bu mexanizmi daha çevik alətə çevirməyə çalışır.
Yeni ƏDV qanunu eyni zamanda ailə institutunun gücləndirilməsinə yönəlmiş stimullaşdırıcı tədbirləri də nəzərdə tutur. Belə ki, uşaqlara qulluq xidmətləri, eləcə də evlilik və ailə qurmağa yönəlmiş tanışlıq xidmətləri üçün vergi güzəştləri tətbiq ediləcək.
Bundan əlavə, Çin hökuməti bu il ilk dəfə olaraq ölkə miqyasında uşaqlara qulluq üzrə subsidiyalaşdırma proqramına 90 milyard yuan ayırıb. Proqrama əsasən, üç yaşadək hər bir uşaq üçün ailələrə illik 3600 yuan məbləğində maliyyə dəstəyi göstəriləcək. Hakimiyyət orqanları, həmçinin milli tibbi sığorta proqramının genişləndirilməsi və doğuşla bağlı bütün xərclərin tam şəkildə sığorta hesabına ödənilməsi planlarını da açıqlayıb.
Xatırladaq ki, bu həftə Rusiyada da analoji məhsullarla bağlı təşəbbüs irəli sürülüb. RF Sənaye və Ticarət Nazirliyi prezervativlər üçün məcburi markalanmanın tətbiq olunmasını təklif edib.
Poliqon.info