AZ

İspaniyada yaşı təxminən 5 min il olan qədim muncuq kolleksiyası aşkarlanıb

Arxeoloqlar Mis dövrünə aid dəfn abidəsində on minlərlə bəzək əşyası tapıblar...

Poliqon xəbər verir ki, İspaniyanın cənub-qərbində aparılan arxeoloji tədqiqatlar zamanı dünya üzrə ən böyük qədim muncuq kolleksiyalarından biri aşkar edilib. Science Advances elmi jurnalında dərc olunan araşdırmaya görə, tapıntı Sevilya yaxınlığında yerləşən Valensina arxeoloji kompleksində, təxminən 5 min il yaşı olan Tolos de Montelirio adlı qədim dəfn abidəsində üzə çıxarılıb.

Məlumata əsasən, sözügedən məzarlıqda ümumilikdə 270 min 769 ədəd muncuq tapılıb. Onlar əsasən dəniz molyuskalarının qabıqlarından, eləcə də daş və heyvan sümüklərindən hazırlanıb. Muncuqların böyük əksəriyyəti dəniz darağı qabıqlarından düzəldilib ki, bu da həmin dövrdə sahilyanı resurslardan geniş istifadə olunduğunu göstərir.

Arxeoloqlar muncuqları məzarın iri daş kamerasında aşkar ediblər. Burada əsasən yaşı 18–34 arasında olan qadınlara məxsus skelet qalıqları yerləşirdi. Bundan başqa, məzarın digər hissəsinə aparan dəhlizdə təxminən 2 min muncuq, ikinci kameranın yuxarı səviyyəsində isə bir xəncərlə birlikdə 90-a yaxın muncuq tapılıb. Alimlərin fikrincə, bu qədər çox bəzək əşyasının bir yerdə cəmlənməsi onların geyimlərin – tunikaların, ətəklərin və ya digər ritualla bağlı libasların – tərkib hissəsi olduğunu göstərir və dəfn olunan şəxslərin sosial mövqeyini əks etdirə bilər.

Araşdırma qrupu qeyd edir ki, minlərlə xırda artefaktın təmizlənməsi və hazırlanması son dərəcə zəhmət tələb edib. Yeddi nəfərdən ibarət tədqiqatçı qrupu hər bir muncuğu torpaq və çöküntülərdən təmizləmək üçün ümumilikdə 651 saat vaxt sərf edib. Alimlərin hesablamalarına görə, belə böyük kolleksiyanın əl ilə hazırlanması üçün on nəfərin gündə səkkiz saat işləməklə təxminən yeddi ay vaxtına ehtiyac olardı. Bu fakt qədim dövr ustalarının yüksək peşəkarlığını və bu cür bəzəklərin həmin cəmiyyət üçün nə dərəcədə mühüm əhəmiyyət daşıdığını göstərir.

Tədqiqatçılar, həmçinin muncuqların mürəkkəbliyi və sayının məzarda dəfn olunan qadınların xüsusi sosial statusa malik olduğunu ehtimal etməyə əsas verdiyini bildirirlər. Alimlərin fikrincə, bu şəxslər Mis dövrü cəmiyyətində dini və ya siyasi funksiyalar daşıyan nüfuzlu fiqurlar ola bilərlər.

Poliqon.info

Seçilən
141
poliqon.info

1Mənbələr