Lund şəhərində açılan unikal obyekt bərpa olunan enerji tullantılarının yenidən istifadəsini nümayiş etdirir...
Poliqon xəbər verir ki, İsveçin Lund şəhərində “Nils Bor” adlı çoxmərtəbəli parkinq istifadəyə verilib və bu obyekt köhnə külək turbinlərinin qanadlarından istifadə olunmaqla inşa edildiyinə görə Avropada ilk, dünyada isə analoji nümunələrdən biri hesab olunur. Interesting Engineering nəşrinin məlumatına görə, parkinqin fasadının bir hissəsi istismardan çıxarılmış külək turbinlərinin qanadlarından hazırlanıb.
Qeyd olunur ki, sözügedən qanadlar əvvəllər Vattenfall enerji şirkətinin istismar etdiyi Nørre Økse Sø külək parkındakı rotor mexanizmlərindən əldə edilib. Adətən bu cür turbin qanadları utilizasiya prosesinin çətinliyi səbəbindən poliqonlara göndərilir. Lakin bu layihə çərçivəsində onlar tullantıya çevrilmək əvəzinə memarlıq elementi kimi yenidən dəyərləndirilib və binanın fasadında istifadə olunub.
Mütəxəssislərin fikrincə, bu yanaşma külək energetikası komponentlərinin təkrar istifadəsinin real və praktik mümkünlüyünü nümayiş etdirir. Çünki turbin qanadları şüşə lifləri və karbon lifləri əsasında hazırlanmış yüngül, möhkəm və ekstremal hava şəraitinə davamlı kompozit materiallardan ibarətdir və məhz bu xüsusiyyətlər onların emalını olduqca çətinləşdirir.
Layihənin müəllifi, memar Jonas Lloyd bildirib ki, ideya ABŞ-də külək turbinlərinin qanadlarının utilizasiyası ilə bağlı problemləri araşdırarkən formalaşıb. Onun məqsədi həm tullantıların həcmini azaltmaq, həm də vizual baxımdan cəlbedici və funksional bir memarlıq obyekti yaratmaq olub.
Məlumata görə, parkinq 365 avtomobil üçün nəzərdə tutulub, beş mərtəbədən ibarətdir və təxminən 40 elektrikli avtomobil üçün şarj nöqtəsi ilə təchiz olunub. Binada enerji saxlanması üçün akkumulyator sistemi mövcuddur. Fasad yalnız turbin qanadları ilə deyil, eyni zamanda tozlandırıcılar üçün əlverişli olan bitkilərlə də bəzədilib. Dam hissəsində isə günəş panelləri quraşdırılıb ki, bu da əlavə dayanıqlı enerji mənbəyi yaradır və gecə saatlarında belə avtomobillərin enerji ilə təmin olunmasına imkan verir.
Vattenfall şirkəti bu layihəni dayanıqlı həllərin real tikinti layihələrində xərc, vaxt və təhlükəsizlik tələblərinə uyğun ola biləcəyinin bariz nümunəsi kimi qiymətləndirir. Şirkət qarşısına 2030-cu ilədək istismardan çıxarılan bütün turbin qanadlarını tam şəkildə təkrar emal etmək və onların poliqonlarda basdırılmasını tamamilə dayandırmaq məqsədi qoyub.
Qeyd edilir ki, Lunddakı parkinq fasadından başqa, Vattenfall artıq köhnə turbin qanadlarını istilik izolyasiya materiallarının, günəş panelləri üçün çərçivələrin və hətta xizək avadanlıqlarının istehsalında da yenidən istifadə edir.
Poliqon.info