AZ

Bakıda şirkət pulunu mənimsəyən işçisini bağışladı, cinayət məsuliyyətindən azad edildi

Xəzər Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Ayaz Qulubəylinin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilib və həmin Məcəllənin 179.2.3, 179.2.4-cü maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilib. Ayaz Qulubəylinin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.


İbtidai istintaq və məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Ayaz Qulubəyli 2007-ci ildə dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 93 olan MMC-də 2018–2020-ci illər ərzində satış təmsilçisi vəzifəsində işləyib.


Müəyyən olunub ki, o, Bakı şəhərinin Xəzər rayonu ərazisində əmək və tam maddi məsuliyyət haqqında müqavilələr əsasında fəaliyyəti dövründə ona etibar edilmiş əmlak üzərində səlahiyyətlərindən sui-istifadə edib. Belə ki, Ayaz Qulubəyli 24 oktyabr 2019-cu il tarixdən 3 fevral 2020-ci il tarixədək olan müddətdə şirkətin xəzinəsinə köçürülməli olan vəsaitləri mənimsəmə məqsədilə 70 müştəridən toplanmış 23 742,26 manat məbləğində pul vəsaitini kassaya təhvil verməyərək şəxsi ehtiyaclarına sərf edib.

İstintaq materiallarına görə, təqsirləndirilən şəxs şirkətin satış təmsilçisi kimi məhsulların sifarişi, çatdırılması və satışdan əldə edilən vəsaitlərin xəzinəyə təhvil verilməsinə cavabdeh məsul şəxs olub. Lakin o, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakı vahid niyyətlə mənimsəməklə talayıb.


Bununla da, Ayaz Qulubəyli Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib.


Məhkəmə iclasında Ayaz Qulubəyli ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanı tam ödədiyini və şirkət rəhbərliyi ilə barışıq əldə olunduğunu söyləyib. O, həmçinin dövlət nəfinə vurulmuş ziyanın müəyyən edilmiş hissəsini ödədiyini qeyd edərək, cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.


Zərərçəkmiş hüquqi şəxsin hüquq varisi olan MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə təqsirləndirilən şəxs ilə barışıq əldə edildiyi, dəymiş ziyanın tam ödənildiyi və ona qarşı hər hansı şikayət və tələbin olmadığı göstərilib.

Kamal Məmmədov 

Tarix: 18 Dekabr 2025, 08:46   
Seçilən
72
pravda.az

1Mənbələr